Sergey Lavrov Bakıya niyə gəlir? – Şərh
“Böyük ehtimalla Kreml hər iki tərəf üçün təkliflər hazırlayır”.
“Qərb Xəbər” bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Rusiya XİN rəhbəri Sergey Lavrovun fevralın sonuna doğru Bakıya səfər edəcəyilə bağlı məlumatı şərh edərkən deyib.
“Səfərdə başlıca məqsəd sözsüz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Böyük ehtimalla, Moskva sülh müqaviləsinin imzalanmasına hazırlıq görməyə çalışır. Son zamanlar Rusiyanın Ermənistan və Azərbaycanın diplomatik missiyasının əlaqələri xeyli dərəcədə sürətləndirib. Azərbaycandan Rusiyaya və əks istiqamətdə səfərlər intensivləşib. Eyni zamanda, Rusiya rəsmilərinin Ermənistana və ermənilərin də Moskvaya səfərləri xeyli artıb.
Rusiya tərəfindən bu sayaq səfərlərin artması onların sülh müqaviləsilə bağlı hansısa bir təkliflə gəldiklərinə də işarə ola bilər. Bu təklifləri hər iki tərəf üçün məqbul olub-olmayacağını, onu qəbul edib-etməyəcəkləri təklif təqdim edildikdən və tanışlıqdan sonra bəlli olacaq. Yəqin ki, təklifin formasına münasibətdə hər iki tərəfdən müəyyən etirazlar olacaq”, deyə politoloq bildirib.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir. Bildirilir ki, Rusiya XİN başçısının Bakıya səfəri fevral ayının sonunda baş tutacaq, amma hələlik dəqiq tarix bəlli deyil.





