Xəbər verdiyimiz kimi, qərb bölgəsində fəaliyyət göstərən bəzi qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait toplayırlar.
“Qərb Xəbər” saytının redaksiyasına daxil olan informasiyada iddia olunur ki, idarə və müəssisə rəhbərləri aid olduqları qurumun fonda köçürdüyü vəsaiti məcburi şəkildə öz əməkdaşlarından tələb edirlər.
Daxil olan informasiyada adı çəkilənlərdən biri də Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüqar Qədirovdur. Məlumatı dəqiqləşdirmək üçün onunla telefon əlaqəsi saxladıq.
V.Qədirli bildirdi ki, hər hansı bir məcburiyyətdən söhbət gedə bilməz: “Ağstafa Regional Mədəniyyət İdarəsinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırdığı 3000 manat vəsaiti mən ödəmişəm. Quruma aid olan idarə və müəssisələrin əməkdaşlarına fonda dəstək olmaqla bağlı sadəcə tövsiyə olunub. O da əməkdaşların ərizəsi ilə 10 Azərbaycan manatından çox olmamaq şərti ilə. Ərizə yazıb müraciət etməyən əməkdaşın ödədiyi vəsait qəbul olunmur. Yəni hər belə olan təqdirdə hər hansı bir məcburiyyətdən, yaxud rəhbəri olduğum qurumun adından ödənilmiş vəsaitin əməkdaşlardan yığılmasından söhbət gedə bilməz”.
V.Qədirli onu da əlavə edib ki, bu cür iddialar ona qarşı olan qaralama kampaniyasının tərkib hissəsidir: “Ümumiyyətlə, son dövr saytlar məni qaralamaqla məşğuldurlar. Sizin saytınıza daxil olan bu cür iddialar da o marağa xidmət edir”, – deyə əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Bundan əlavə, Konoravirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəmə sistemi də fəaliyyət göstərir. Hər bir vətəndaşın (Şəxsiyyət vəsiqəsi, yaxud VÖEN nömrəsi ilə) könüllü şəkildə ödəniş etməsi mümkündür.