Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbiçilər bu gün dəfn edildilər.
Qerbxeber.com “Qafqazinfo”-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazaxın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazaxın Dəmirçilər kəndində dəfn olunublar. Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılıb.
Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib.
Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib.
Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Oradan isə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya təxliyyə olunub, lakin burada yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb, bu gün vəfat edib.
Fotoda: Qəzada həlak olan baş gizir Ruslan Qurbanov