Bu gün Qazax rayon Çaylı kəndindən olan şəhid Niftalı Qocayevin anım günüdür.
“Qərb Xəbər”in məlumatına görə, o, 1 noyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, noyabrın 2-də doğulduğu Çaylı kənd Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Niftalı Qocayev 1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub.
2001-2012-ci illərdə E.Cəfərov adına 2 saylı Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Niftalı Qocayev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.