Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Erkən nikah və onun sosial-psixoloji fəsadları” ilə bağlı tədbir keçirilib
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Erkən nikah və onun sosial-psixoloji fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Musa Hüseynov, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim mama-ginekoloqu Aybəniz Aşurova, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Kəmalə Şıxlinski, kollecin müəllim və tələbələri iştirak edib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecindən Qerbxeber.com-a verilən məlumata görə,tədbirin məqsədi erkən nikahın yaratdığı sosial və psixoloji fəsadlar barədə maarifləndirmə aparmaq, gənclərin bu mövzuda məlumatlılığını artırmaq, erkən nikahların qarşısının alınmasına yönəlmiş düzgün qərarvermə bacarıqlarını təşviq etməkdir.
Tədbirdə çıxış edənlər mövzunun əhəmiyyətindən bəhs edərək bildirmişlər ki, erkən nikah cəmiyyət üçün ciddi sosial və psixoloji problemlər yaradan amillərdən biridir və bu halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Tədbirdə çıxış edən Qazax Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Musa Hüseynov erkən nikahların hüquqi tərəfləri, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət və bu kimi halların aşkarlanması zamanı görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim mama-ginekoloqu Aybəniz Aşurova erkən nikahın yeniyetmə qızların sağlamlığına mənfi təsirləri, erkən hamiləliyin yaratdığı risklər və reproduktiv sağlamlığın qorunmasının əhəmiyyəti haqqında danışmışdır. Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Kəmalə Şıxlinski tibbi müayinələrin rolu, vaxtında diaqnostikanın əhəmiyyəti və sağlam həyat tərzinin qorunması ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Çıxış edənlər hər kəsi öz sahəsi üzrə məlumatlandıraraq erkən nikahların qarşısının alınmasında birgə fəaliyyətin, maarifləndirmənin və cəmiyyətin aktiv iştirakının vacibliyini xüsusi vurğulamışlar.
Tələbələr tərəfindən ünvanlanan suallar rəsmilər tərəfindən ətraflı şəkildə cavablandırılmış, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.





