“Hava sərhədimizi 147 dəfə pozan Yunanıstan bunun cavabını verməlidir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz adekvat addm atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. Qarşı tərəf həmin sənədləri oxusun və ona uyğun addımlar atsın”, – o bildirib.
Türkiyə və Yunanıstan arasındakı gərginliklə bağlı ‘Qərb Xəbər’ ə danışan politoloq Şahin Cəfərli deyib ki, adaların hansı dövlətin ərazi sularına düşdüyü məsələsində mübahisələr var.
“Egey dənizində bir sıra adalar var ki, onların hansı dövlətə məxsusluğu ilə bağlı çox uzun illərdir Türkiyə və Yunanıstan arasında mübahisə var. Hələ Kıbrıs böhranından da üzü bəri iki ölkə arasında bu mübahisə mövcuddur. Bununla bağlı danışıqlar aparılsa belə bu problem öz həllini tapmayıb. Yunanıstanın adalara iddiaları var. Ərazi sularının artırılması məsələsi var. 6 mil ərazi suyu movcuddur, bunu 12 milə çıxarmaq iddiası var. Yunanıstan iddia edir ki, həm 12 millik ərazi suyu mənə məxsusdur, həm də həmin ərazidəki hava məkanı. Bu iki ölkə kağız üzərində müttəfiqdir, hər iki ölkə NATO üzvüdür. Lakin, aralarında dərin və həll olunmamış problemlər var. Bu məsələnin yaxın vaxtda həlli görünmür. Yunanıstan və Türkiyə arasında həm siyasi, həm iqtisadi baxımından münasibətlər normaldır. Zaman-zaman bu cür gərginliklər yaranır. Amma dərhal bu gərginliklər səngiyir. Çünki, iki NATO ölkəsi arasındakı problemlərin dərinləşməsi və hərbi toqquşma həddinə gəlməsinə təbii ki, ABŞ icazə verməz”
Politoloq həmçinin əlavə edib ki, düşünürəm, bu son gərginlik Türkiyədə seçkilərin yaxınlaşması ilə də əlaqədardır.
“Seçki qabağı dövrdə bu cür gərginliklər hökümətə sərf edir ki, ictimai rəyi başqa yönə çəksin. Yunanıstanın adaları silahlandırması məsələsi isə tamamilə qanunsuzdur. Yunanıstanın heç bir haqqı yoxdur ki, bu adaları silahlandırsın. Bu Türkiyənin təhlükəsizliyinə bir başa təhdiddir. Bu iddialar doğrudursa, Türkiyəyə müharibə elan edilməsi mənası verir”.
Rahib İsgəndərli