Gün şüalarının təsiri nəticəsində baş-beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürək bulanma, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, tənginəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma kimi əlamətlər qeyd edilir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim terapevti Şahin Həsənov danışıb.
O, bildirib ki, günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır: “Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress edin. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar”.
Həkim terapevt günvurma və istivurma zamanı ilkin əlamətləri və ilkin tibbi yardım barədə də məlumat verib. “Günvurma zamanı beyinin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir, bu isə mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. Günvurmasına məruz qalarkən ilk öncə xəstə günün altından kölgəlik bir yerə aparmalı, sərin su tökmək həmçinin çoxlu sərin su içizdirmək lazımdır. İstivurma günvurmadan daha tez baş verir: istivurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda davamlı olaraq işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. İstivurma zamanı ilk tibbi yardım günvurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal təcli yardım çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.
Həsənova Ülviyyə.