“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”
Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O, bildirib ki, iyunun 28-i axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub: “Gürcüstanda ötən gün ərzində düşən güclü yağıntı nəticəsində Kürün Tiflisdən keçən hissəsində səviyyəsi artıb. Nəticədə bu gün səhər saat 08:00-lə müqayisədə, artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb”.
Bundan başqa Xİdmət rəisi Qərb regionunda yerləşən rayon sakinlərinə xəbərdarlıq edib: “Bu proses gün ərzində davam edəcək və Kür çayının yuxarı axınında yüksəksululuq müşahidə olunacaq, daşqın istisna olunmur. Buna görə, xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq etmək istərdik ki, Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə çox diqqətli olsunlar. Eyni zamanda yerli icra hakimiyyətlərinin müvafiq tədbirlər görməsi vacibdir”.
Məsələ ilə bağlı Fövqalədə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi Pərviz Aslanovla əlaqə saxladıq. Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində daşqın və sel hadisəsi baş vermə ehtimalı var: “Daşqın və seldən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.
Bundan başqa Nazirliyin baş məsləhətçisi güclü küləklə də bağlı əhaliyə xəbərdarlıq edib: “Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.
Ülviyyə Həsənova