2022-ci ilin yanvar-may aylarında Azərbaycana 500 min turist gəlib.
Bu barədə Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev deyib.
Statistik cəhətdən pandemiyadan əvvəlki dövrə nəzər saldıqda turist sayının son 2 ilə nistbətən xeyli çox olduğunu görürük.
Məsələ ilə bağlı ‘Qərb Xəbər’ə danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, turizmin inkişafını istəyiriksə, quru sərhədləri açılmalıdır:“Artıq dünya dövlətlərində olduğu kimi, məhdutiyyətlərin aradan qaldirilması özünü göstərməkdədir. Lakin faktiki bizdə hava nəqliyyatı açıq olsa da, quru sərhədləri hələ də bağlı olmaqda davam edir. Statistik gostəricilərə baxsaq 2019 cu ilin göstəriciləri onu deməyə əsas verir ki, həmin ildə 3,2 milyon xarici ölkə vətəndaş Azərbaycana gəlmişdir. Onun da təxminən 2,9 milyonu turist olaraq burada gecələmişdir. Qeyd etmək lazımdır ki, əsasən ölkəyə gələn turistlər bizim quru sərhədimiz olan ölkələrdəndir. 10 turistdən 7si bizim qonşu ölkələrdən gəlir. Buradan belə nəticəyə gəlmək olar ki, biz tam aktivlik gözləyiriksə, daha çox turisti qəbul etmək istəyiriksə quru sərhədlərinin açılmasına ehtiyac var. Sərhədlər açıldıqdan sonra aktiv şəkildə ölkəyə xarici vətəndaş gəlişini görə biləcəyik. Quru sərhədlərinin bağlı qalması eyni zamanda turist sayının kəskin ziyan vurdu, turist bazarı çökmə həddinə çatdı”.
Turistlər sayəsində ölkəyə daxil olan xarici kapitalın azalması ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bunları deyib: “Tamamilə doğrudur ki, pandemiya Azərbaycanda turizm bazarına ciddi mənfi təsir göstərmişdir. 2016-cı ildə Azərbaycanın turizm ixracı turizm idxalını üstələyirdi və 20 milyon dollara qədər turizmin balansında net pul gəlmişdir. Ancaq, pandemiya bütün bu hesablamaları korladı. 2020 və 2021-ci illərdə dəfələrlə turizm dovriyyəsi aşağı düşdü. Hazırda ötən ilin ilk 4 ayı ilə müqayisədə turizm dovriyyəsi 2,2 dəfəyə qədər artıb. Düzdür, bu ürək açan statistika davam edir, amma, bu pik, rekort səvviyədəki rəqəmlərdən çox-çox aşağıdır. 2020-ci ilin 1-ci rübündə olan göstəricilər 2022-ci ilə baxdıqda daha aşağıdır”.
Xalid Kərimli təyyarə biletlərinin qiymətinin aşağı salınması kimi addımlar atılmalı olduğunu vurğulayıb: “Ölkədə turizmi inkişaf etdirmək üçün böyük potensial var. Xüsusilə də, müharibədən sonra yeni turizm təyinat nöqtələri ortaya çıxıb. Sülhün gündəmə gəlməsi ölkəni turistlər ücün maraqlı edir. Son dövrlər Rusiyaya tətbiq edilən sanksiyalar rus turistlərin ölkəyə marağını artırır. Azərbaycanın əsas turizm müştəriləri isə MDB ölkələri, ərəb ökələri və İrandır. Bu təbii ki, yetərli deyil, xüsusən də vizalarin sadələşdirilməsi, təyyarə biletlerinin aşağı salınması kimi addımlar atılmalıdır”.
Rahib İsgəndərli