Canım Azərbaycanın hər qarışı gözəldir. Hər bir inzibati rayonun özünəməxsus təkrarolunmazlıqları var. Xüsusilə rayonlarmız istər iqlim, istərsə də relyef baxımından olduqca rəngarəngdir. Bu rayonlarda yaşayan insanımızın dolanışığı əsasən torpaqdan çıxır desək, yanılmarıq.
Eyni zamanda, torpaq ehtiyatlarından düzgün, təyinatına uyğun və səmərəli istifadə etməklə respublikamızın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək olar. Kənd təsərrüfatı mütəxəssisləri rayonlar üzrə yüksək məhsuldarlıq göstəricilərinə görə yetişdirilməsi mümkün olan kənd təsərrüfatı məhsullarının xəritəsini hazırlasar, ölkəmizin nə qədər zəngin olduğunu görmək olar.
Müasir zamanda dövlətin inkişaf göstəricisi daxili istehsalın daxili bazarın tələbatını ödəmə və ixrac qabiliyyəti ilə müəyyən olunur. Təəssüf ki, bu sahədə çox ciddi asılılığımız mövcuddur. Bu qədər zəngin resurslara malik Azərbaycanımız böyük ölçüdə idxaldan asılı vəziyyətdədir. Xüsusilə kənd təsərrüfatı məhsullarının idxalı təəssüf doğurur. Kənd təsərrüfatı məhsullarının idxalı və ixracı prosesində daxili istehsal imkanlarının gömrük siyasətində düzgün qiymətləndirilməməsi daxili istehsal bazarının inkişafına çox ağır zərbə vurur. Suvarma sistemləri infrastrukrurunun ehtiyacı ödəmə gücündə olmaması, xüsusilə dövlət məmurlarına məxsus iri təsərrüfat vahidlərinin kiçik pay torpaqlarından səmərəli istifadə imkanlarını məhdudlaşdırması, istehsalçının maraqlarının təmin edilməsi istiqamətində ciddi dövlət siyasətinin olmaması yaranmış acınacaqlı vəziyyətin başlıca səbəblərindəndir.
Respublikamızın qərb bölgəsini digər regionlardan fərqləndirən cəhətlər mövcuddur. İlk növbədə relyef. Aran, dağətəyi və dağlıq ərazilərin, demək olar ki, proporsionallıq təşkil etməsi bu bölgədə kənd təsərrüfatı məhsulları ilə yanaşı heyvandarlığın, xüsusilə qoyunçuluğun inkişafı üçün geniş imkanlar yaradır. Bol sulu dağ çaylarının mövcudluğu, Kürün ərazidən keçməsi istər suvarma, istərsə də içməli suya olan tələbatı ödəməyə imkan yaradır.
Bu bölgənin insanı da torpağa, yurda bağlılığı ilə fərqlənir. Yaşayış tələbatını ödəmək üçün başqa ölkələrə, bu mümkün olmadıqda paytaxta üz tutan vətəndaşlar digər bölgələrlə müqayisədə qərb rayonlarında azlıq təşkil edir.
Dövlət vəsaitlərinin, təbii zənginliklərin, insan resurslarının səmərəli istifadəsi dövlətimiz və vətəndaşımızın yalnız faydasına olardı.