Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.
Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.
Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.
1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.
Britaniya və dünya tarixinin çox geniş dövrü II Elizabetin hakimiyyəti dönəminə düşüb.
Kraliça II Elizabetin böyük oğlu Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub.
Çarlz anası 96 yaşında vəfat etdikdən sonra taxt-taca oturub.
Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.
Noyabrda 74 yaşı tamam olacaq Çarlz III Karl adını alıb. Dövlət himninin sözləri də “God Save the Queen” deyil, “God Save the King” olaraq dəyişəcək.
Kraliçanın vəfatından sonra bütün dünyanı bundan sonra Britaniyada hansı tədbirlərin həyata keçiriləcəyi və nələrin dəyişəcəyi maraqlandırır.
İngiltərənin dünya siyasətindəki önəmini və bundan sonra baş verə biləcək dəyişiklikləri “Qərb Xəbər”ə danışan politoloq Oktay Qasımlı bildirdi ki, İngiltərədə baş nazirin dəyişməsi ilə hökumətin siyasətində böyük dəyişlik baş verməyəcək. Çünki, yeni baş nazir Liz Tras da Boris Consonun sələfidir və eyni siyasət anlayışının daşıyıcısıdır.
“Burada əsas məsələ Rusiya – Ukrayna müharibəsinə İngiltərə hökumətinin və yeni baş nazirin münasibətidir. Liz Trasın ilk telefon zəngi məhz Ukrayna prezidentinə oldu.
İngiltərədə Kraliçanın vəfatı və yerinə 3-cü Çarlzın keçməsi məsələsinə gəlincə isə, bildiymiz kimi kraliça xeyli yaşlaşmışdı və 70 il idi ki, hakimiyyətdə idi.
Dünyada İngiltərənin mövqeyində və aparılan siyasətdə hər hansısa bir dəyişikliyin olacağını düşünmürəm. İngiltərə əsrlər boyu dünyanın aparıcı dövlətlərindən olmuşdur. Hazırda da dünyanın inkişaf yönünü təyin edən dövlətlərdəndir. Dərin bir dövlətdir. Ona görə də xüsusi və köklü dəyişiklik gözləmirəm”.
“Avropa ilə də münasibətlərdə eyni siyasət yolu izləniləcəkdir. Çünki, İngiltərədə siyasəti kraliça və ya kral yox, hökumətlər və parlamentlər müəyyən edir. Hökumətin isə mövqeyi bəllidir və hər hansi dəyişiklikdən söhbət getmir” – deyə politoloq vurğuladı.
Rahib İsgəndərli
Qərb Xəbər