Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə əlaqədar təqdim etdiyi təqdimatına yekun rəyini açıqlayıb.
“Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, məhkəmə Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Bildirilir ki, Prezident Salome Zurabişvili bu ilin avqust və sentyabr aylarında xaricə işgüzar səfərləri zamanı Gürcüstan hökumətinin razılığı olmadan xarici əlaqələr sahəsində nümayəndəlik səlahiyyətlərini həyata keçirib ki, bununla da Gürcüstan qanunvericiliyinin 52-ci maddəsinin “a” bəndini pozub.
Qeyd edilir ki, Gürcüstan prezidentinin Konstitusiyanı pozduğu barədə məhkəmənin qərar qətidir, apellyasiyaya göndərilə və ya yenidən baxıla bilməz. Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı sözügedən qərarı dəstəkləyib. Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək.
Qeyd edək ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Gürcüstan hökuməti səfərlə bağlı razılıq vermədiyi üçün hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.
Məlumat üçün onu da bildirək ki, hakim partiyanın Prezidentin impiçmenti prosedurunu tamamlaması üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda 84 deputatla təmsil olunur. Müxalifət proseduru dəstəkləməyəcəyini bəyan edib.