240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası ilə Azərbaycanın “yaşıl” enerji sahəsinə yarım milyard dollardan çox xarici sərmayə yatırılır.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, layihələrin Azərbaycan dövləti tərəfindən vəsait qoyulmadan reallaşdırılması ölkənin sabit gələcəyinə inamın təzahürüdür.
Qeyd edək ki, bu gün Azərbaycan və BƏƏ-nin “Masdar” şirkəti arasında dörd sənəd imzalanıb. İmzalanan sənədlər arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu”, “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” yer alıb.
Xatırladaq ki, bu gün “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq. Burada istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2020-ci ilin sonunda isə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti (Səudiyyə Ərəbistanı) arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələr imzalanıb.