Azərbaycanın noyabrın 15-dən qış rejiminə keçməsinə baxmayaraq, hələ də Ağstafa rayon Dağ Kəsəmən kənd məktəbində siniflərin qızdırılmaması şagirdlərin davamiyyətinə təsir göstərib.
Bu barədə “Bölgənin Səsi” saytına valideynlər məlumat veriblər.
Bildiriblər ki, havanın nisbətən mülayim keçməsi məktəb rəhbərliyini arxayın salıb: “Məktəbə qaz çəkilsə də, istifadəyə verilməyib. Elektrik qızdırıcılarından və digər yanacaq vasitələrindən istifadəyə isə lüzum görmürlər. Nəticədə uşaqlarımız dərsdən qalır… ”
Valideynlər problemin tezliklə həll olunacağına ümid etdiklərini əlavə ediblər: “Gürcüstanda erməni kilsələri Azərbaycan tərəfindən qazlaşdırılıb. Onun gələcəyi olan övladlarımızın sağlamlığının da kimlərinsə pul hərisliyinə qurban verilməyəcəyini ümid edirik”.