Ağstafada “Bölgəmizi tanıyaq” adlı video dərsliyin təqdimatı olub
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elanetdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri olan “Bölgəmizi tanıyaq” video dərslik” layihəsinin təqdimatı keçirilib.
Ağstafa Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə layihə rəhbəri Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin müəllimi Ülviyyə Xasməmmədova iştirakçıların diqqətinə çatdırıb ki, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edən layihə çərçivəsində Qazax və Ağstafa rayonlarında yerləşən tarixi abidələri əks etdirən video dərslik hazırlanıb. Ü.Xasməmmədova qeyd edib ki, film formatında hazırlanan video dərsliyin rejissoru Toğrul Musalı, ssenari müəllifi Allahverdi Musayev, operatoru isə Şamil Muradlıdır.
Daha sonra video dərsliyə baxış keçirilib.
Baxışdan sonra çıxış edən layihə eksperti Rəşad Arabov bu video dərsliyi yüksək qiymətləndirib. O, həmçinin video dərsliyin orta məktəblərdə “Azərbaycan tarixi” fənninin şagirdlərə daha yaxşı tədrisi baxımından dəyərli əyani vəsait olduğunu vurğulayıb.
Ağstafa Tarix Diyarşünaslıq muzeyinin elmi işçisi Mətanət Qəfərova bildirib ki, “Bölgəmizi tanıyaq” video dərsliyi muzeyi ziyarət edən qonaq və şagirdlərə region haqqında dolğun məlumat vermək məqsədilə nümayiş etdiriləcək.








