Dünən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri olan “Bölgəmizi tanıyaq” video dərslik” layihəsinin təqdimat mərasimləri keçirilib.
Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəb və Qazax rayonu Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəb reallaşan tədbirlərdə layihə rəhbəri Ülviyyə Xasməmmədova iştirakçıların diqqətinə çatdırıb ki, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edən layihə çərçivəsində Qazax və Ağstafa rayonlarında yerləşən tarixi abidələri əks etdirən video dərslik hazırlanıb. Ü.Xasməmmədova qeyd edib ki, film formatında hazırlanan video dərsliyin rejissoru Toğrul Musalı, ssenari müəllifi Allahverdi Musayev, operatoru isə Şamil Muradlıdır.
Hər iki məktəbdə daha sonra video dərsliyə baxış keçirilib.
Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə keçirilən təqdimatda video dərsliyə baxışdan sonra çıxış edən Qazax rayon Təhsil Şöbəsinin metodisti Məhəmməd Cəfərov bu layihəni yüksək qiymətləndirib. O, həmçinin video dərsliyin orta məktəblərdə “Azərbaycan tarixi” fənninin şagirdlərə daha yaxşı tədrisi baxımından dəyərli əyani vəsait olduğunu vurğulayıb. Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova söz alaraq Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqələrində müəllimləri fəal iştirak etməyə çağırıb və bu tipli video dərsliklərin önəmindən bəhs edib.
Qazax rayonu Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbdə təşkil olunan tədbirdə məktəbin direktoru Rasimə Carçıyeva video dərsliyin təqdimatının kənd məktəbində təşkil olunmasına görə layihə rəhbərinə təşəkkürünü bildirib, bu kimi layihələrin rayonumuzda daha çox icra olunmasını arzulayıb.