Putin Qərbi hədələdi
NATO qoşunlarının Ukraynaya göndərilməsinin faciəvi nəticələri olacaq.
Qerbxeber.com xəbər verir ki, bunu Prezident Vladimir Putin fevralın 29-da Rusiyanın Federal Məclisinə müraciətində bildirib.
O, Ukrayna ərazisində ehtimal olunan xarici hərbçiləri “işğalçılar” adlandırıb.
“Onlar NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalından danışmağa başlayıblar. Vaxtilə öz kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq. İndi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq”, – Putin çıxışında vurğulayıb.
Xatırldaq ki, Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi:
“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün biz əlimizdən gələni edəcəyik. Əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün zəruridir”.
Bununla belə, bəyanat Almaniya, İsveç, Polşa, İtaliya başda olmaqla bir çox Avropa İttifaqı ölkələrində, həmçinin Böyük Britaniya, ABŞ və NATO blokunda dəstəklənməmişdi.
Mənbə:Toplum TV

