“İstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır”.
Bu sözləri qətlə yetirilərək yandırılmış Nərmin Quliyevanın anası Aynurə İsmayılova News24-ün müxbirinə açıqlamasında bildirib.
O, qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib: “Cənab Prezidentimiz İlham Əliyev! Bilirəm ki, həm Siz, həm də Mehriban xanım uşaqlara xüsusi qayğıyla yanaşır, onları sevib qoruyursunuz. Ona görə də Sizdən kömək istəyirəm. Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin. Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orda zülm eləyib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”.
Nərminin ailəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanladıqlarını bildirib.