“Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə qəti ehtiyacı yoxdur. Onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını təmin etməkdə həmrəydirlər”
“Qərb Xəbər” məlumat verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin News.am-a müsahibəsində deyib.
O əlavə edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla öz müttəfiqləri var və Ermənistan Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil.
“Əliyevin erməni məhbusları azad etmək qərarı bu yaxınlarda Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın hədiyyəsidir. Dövlət katibinin köməkçisi səfərinin nəticələrini göstərməkdə maraqlıdır. Onun rəhbəri Blinken də bununla maraqlanır. Əliyev bunu çox gözəl anlayır və ABŞ dövlət katibinin köməkçisinin çevik olması və Azərbaycanın düzgün istiqamətdə getdiyini söyləməsi üçün ona hədiyyə vermək lazım idi. Əliyev bunu etdi – o, girovları azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu bəyan etdi”, – Lepexin qeyd edib.
“Hər kəs öz bonuslarını aldı. Amma ən böyük bonusu ABŞ alıb, o da xoşbəxt olacaq ki, vəziyyətə nəzarət etsin, sülhməramlı kimi regiona daxil olsun və Rusiya getsin”, – ekspert qeyd edib.
O, istisna etməyib ki, Moskva buna cavab olaraq Rusiyada Ermənistanla Azərbaycan arasında görüş keçirmək təşəbbüsü ilə çıxış edə bilər.
“Ancaq heç nəyə gətirib çıxarmayacaqlar. Bu gün Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyi yoxdur, ona görə də bu cəhdlər mənasız olacaq”, – deyə Lepexin bildirib.
Onun sözlərinə görə, Rusiya regiondakı vəziyyəti dondura bilməz:
“Rusiya ancaq özünü dondura bilər, Rusiya Federasiyasından kənarda heç nəyi dondura bilməz. Əgər o, Cənubi Qafqazı tərk edirsə və ya oradan sıxılırsa, o zaman nəyisə necə dondura bilər? Rusiyanın başqa problemləri var, o, getdikcə daha çox iqtisadi məsələlərlə məşğul olur. Bundan başqa, prezident seçkilərinə hazırlıq, eləcə də Ukrayna ilə bağlı danışıqlara hazırlıq gedir. Qalan hər şey qalıq prinsipi ilə baş verəcək”.