Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.
Onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb. Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.
Məsələ ilə bağlı “Qərb Xəbər“ə danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, Quterreşin Ərdoğanı önə çəkməsi təsadüfi deyil.
“BMT dünyada ən mühüm təşkilatdır. 193 dövlət BMT-nin daimi üzvüdür. Quterreşin Ərdoğanı önə çəkməsi təsadüfi deyil. Çünki, Türkiyə artıq bölgə yox, dünya miqyasında bir oyunçuya çevrilib. Rusiya-Ukrayna muharibəsində Türkiyə dövləti çox uğurla faydalandı. Həm Azərbaycanın, həm türk dövlətlərinin, həm də islam dünyasının maraqları üçün önə çıxdı. Türkiyə öz sözünü deməyi bacardı. Uğurlu xarici siyasət apardı”.
Politoloq qeyd etdi ki, bu gün keçiriləcək görüşdə dünyanın ərzaq məsələsi gündəmə gələcək.
“Ukraynadakı buğda, qarğıdalı və digər kənt təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması təmin edildi. Dünyada qlobal bahalaşma Türkiyə tərəfindən BMT-nin başçılığı ilə əyləcə basıldı. Əksinə indi eniş gedir. Avqustun 5-də Ərdoğan Putinlə görüşündə dünyada Rusiyanın yeri ilə bağlı da razılaşma olub. Ərdoğan bunu da BMT-nin baş katibi ilə müzakirə edəcək”.
Cümşüd Nuriyev fikirinə görə Rusiya müharibədən yorulub, lakin, müharibəni dayandırmağı da özünə sığışdırmır.
“Rusiya çalışır ki, hansısa yollarla istədiklərini əldə etsin və sülhə nail olsun. Yəqinki Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi də müzakirə olunacaq. Danışıqların formatının müəyyənləşdirilməsi və hansı şərtlər çərçivəsində sülh müqaviləsi hazırlanması kimi mövzular müzakirə olunacaq. Zelenski kifayət qədər siyasi təcrübəsi olmadığı üçün əsas oyunçu Ərdoğandı. BMT də hər halda Rusiyanın təkliflərini ABŞ-a çatdıracaq. Çünki, BMT və NATO ABŞ-ın çətiri altında fəaliyyət göstərir. ABŞ nə desə onu həyata keçirir”.
Rahib İsgəndərli
Qərb Xəbər