Tovuzda ailəsi tərəfindən baxımsız qalan üç azyaşlı uşaq evinə yerləşdirildi
Tovuz rayonunda valideynlərinin imtina etdiyi üç uşaq Şəkidəki uşaq evinə yerləşdirilib.
Qerbxeber.com bildirir ki,bu barədə Oxu.az-a Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumatda qeyd edilir ki, azyaşlılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən qəbul edilərək Şəki şəhərindəki 6 saylı uşaq evinə təhvil veriliblər:
“Azyaşlıların vəziyyətləri nəzarətdə saxlanılır, onlara mütəmadi baş çəkilir. Hazırda uşaqların vəziyyətləri normaldır. Uşaqlar valideynləri ilə telefon vasitəsilə əlaqə yaradırlar”.
İcra hakimiyyətindən bildirilib ki, azyaşlıların anası Təranə Ələsgərovanın vəziyyəti də nəzarətdədir:
“Qadın ikinci qrup əlildir, danışma və eşitmə məhdudiyyətləri var. Təranə Ələsgərova hazırda anasının himayəsindədir. Həmçinin rayon icra hakimiyyəti də qadını nəzarətdə saxlayır. Ana ilə uşaqlarını bir neçə dəfə görüntülü danışdırmışıq”





