Rauf bəy,Paşinyan antiterror tədbirlərini “etnik təmizləmə” adlandırdı və Qarabağın erməniəsilli sakinlərini qəbul etməyə hazır olduğunu bildirdi. İrəvanda indiki halda əleyhinə mitinqlər getdiyi bir zamanda bu bəyanat əleyhinə işləməyəcəkmi? Sanki, təşviq edir.
- Paşinyanın o bəyanatı bir neçə gün əvvəl səslənib. Ermənilərin ordan getmək istəyi dünənin , o biri günün məsələsi deyil.Ermənilər Xocalı havalimanına yığılıb mitinq edirdilər, helekopter tələb edirdilər ki, bizi evakuasiya edin. Əslində Paşinyan nə deməliydi ki?-gəlmək istəyənə gəlməyin deyəcəkdi. Qaçqın məsələsi başqa bir problemdi. Orda yaşayan ermənilərin hamısı və ya 95 faizi köçərsə, dünya buna nə deyəcək?-təbii ki, “etnik təmizləmə”.Və bundan da təbii ki, Azərbaycan əleyhinə istifadə edəcəklər. O problemi hansısa şəkildə həll etmək lazımdır ki, bizi ittiham etməsinlər.
Rauf bəy, artıq Fransa prezidenti Makronun belə bir bəyanat verdi ki, Rusiya Azərbaycanın tərəfini tutur, Türkiyə zatən Azərbaycanla müttəfiqdi. Biz isə Ermənistanı müdafiə edirik-yəni Beynəlxalq hüququ.Bu bəyanat Azərbaycan üçün nə vəd edir?
- Yaxın perspektivdə heç nə. Uzun müddətdə isə, doğrudan da ermənilərin əksəriyyəti Azərbaycanı-Qarabağı tərk edərsə, gələcəkdə uzun illər Azərbaycanı ittiham edəcəklər.Təəsüf ki,indi sosial şəbəkələrdə böyük əksəriyyət ermənilərin köçünü tədqir edir,Azərbaycan cəmiyyətində. O, video və şəkillərin altında xeyli nifrət nitqi var. Özü də bunu hansısa siyasətdən başı çıxmayan sıravi adamların deməsini mən qəbul edirəm, o bir yana, siyasəti anlamır filan. Amma belə ritorikanı tanınmış insanların, ictimai xadimlərin dilindən eşitmək məndə belə bir təəsürat yaradır ki, həmin adamın siyasi savadı yoxdur ya da, Azərbaycana qarşı düşmənçilik edir. Mən başa düşürəm, bu hadisələrin kökü 30 il əvvələ gedir. Qarşılıqlı nifrət var, bizimkilər zamanında Ermənistandan və Yuxarı Qarabağdan, digər işğala məruz qalan rayonlardan ermənilər tərəfindən qovulub. Təbii ki, burda yaşayan erməniləri də biz göndərmişik. Etiraf edək ki, bizdə qarışıq nigahı olan erməni qadınların əksəriyyəti Azərbaycanda qaldılar. Azərbaycan xalqının qadına, uşağa toxunmamaq kimi yüksək mənəvi keyfiyyəti var amma ermənistanda Azərbaycanlı yoxdur. Lakin gəlin etiraf edək ki, bir yerdə sülh istəyiriksə, cinayətə cəza ilə cavab verilməlidir, cinayətə cinayətlə cavab vermək məncə doğru deyil. Bu iki tərəfli prosesdir, bunun tənzimlənməsi , həlli təmamilə başqa məsələdir. İndi, bu yeni yanaşma tələb edir. Artıq XX əsrin 90-cı illəri deyil. Təbii ki, erməni köçünə ağıllı, rasional yanaşmaq lazımdır. Çalışmaq lazımdır ki, bu proses Azərbaycanın əleyhinə yönəldilməsin. Keçən əsrdə Ermənistana qarşı dünya heç bir tədbir görmədisə, bu o demək deyil ki, XXI əsrdə də Azərbaycana qarşı susacaqlar. Yəni, bu cür məsələlərdə ehtiyatlı davranmaq lazımdır. Mən bu problem barədə daha danışmaq istəmirəm, təbii ki, sizin sualınız yoxdursa.
Xeyr, bu barədə daha sualım yoxdur. Amma bir məsələ barədə Sizin mövqeyiniz oxucularımız üçün maraqlı olardı
- Buyurun!
Rauf bəy,Bu yaxınlarda Lavrovun Qarabağın erməniəsilli əhalisinin hüquqları barədə 14 maddəlik bir planı mətbuatda müzakirə olundu. İndiki durumda, bu erməni köçünün davam etdiyi bir zamanda Rusiya neyləmək istəyir sizcə? Qarabağda müəyyən qədər erməni saxlayıb, bununla öz mövcudluğunu qorumağa çalışır? Yəni 2025-ci il və ondan sonra?
- Bu plan yeni sənəd deyil. O, son hadisələrdən əvvəl açıqlanmışdı. Mən düşünmürəm, indi o sənəd işləsin.
Qaldı ki,sualın ikinci hissəsinə, siz fikir verdinizsə, mən hər dəfə deyirdim ki, taktiki baxımdan bizə sərfəlidir, strateji baxımdan isə müəyyən problemlər var. Problemlərin biri odur ki, -yadınızdadır, 44 günlük müharibə, o müharibədə hər hansı tənqidi fikri insanlar aqressiv qarşılayıb, sosial şəbəkələrdə tənqidi yanaşan adamları linç edirdilər. Çox az adam isə yazırdı ki, sözsüz ki, bu bizim üçün qələbədir. Azərbaycan nəhayət öz ərazilərinə qovuşur və.s. Amma, ən böyük qələbəni Rusiyanın qazandığını söyləyənlər vardı. Rusiya neçə ildən sonra Azərbaycana qayıdıb.
Yəqin ki, siz də, mən də anlayırıq ki, Rusiya olmasaydı qüvvələr nisbətinə görə biz üstün idik. Rusiya olmasaydı, biz bu məsələni müharibəsiz, sadəcə müharibə təhdidi ilə də həyata keçirə bilərdik. Azərbaycan və Ermənistan arasında qüvvələr nisbəti həddindən artıq qeyri bərabər idi. 90-cı illərlə müqayisədə, indiki, əməliyyatlara da prinsip etibarı ilə Rusiyanın razılığı olub. Yoxsa, dediyim kimi, rusların orda itkisi 8 nəfər yox, 70-80 nəfər olardı.
Çünki, ruslar o bölgədə fəal işləyirdilər.
Deməli, dediyim kimi, çox az adam cəsarət tapıb deyirdi ki, Rusiya Azərbaycan ərazisində özünün hərbi-siyasi mövcudluğunu bərpa etmişdi. Bu Qəbələ RLS-dən çıxandan sonra,Rusiyanın qayıdışı idi. Bu Rusiyanın strateji uduşu idi. Qarabağa yerləşən Rusiya bununla tək Azərbaycanı yox, eyni zamanda Ermənistanı da təzyiq altında saxlayırdı və alver predmeti kimi istifadə edirdi. Ruslar son dövrlərdə xatırlayırsınız ki, Paşinyanı ittiham edirdilər ki, əsas günahkar sənsən, sən Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanımısan. Bu da riyakarlıqdır,ona görə ki, Praqa görüşü 44 günlük müharibədən sonra olub. Həmin müharibədə Azərbaycan öz ərazilərinin böyük bir hissəsini separatçılardan azad edib. Bəyəm Rusiya onda Azərbaycana mane oldu?
Əslində Rusiyanın siyasəti riyakar və yalançı siyasətdir. Tarixən də belə olublar.
İndi əsas məsələ ondan ibarətdir ki, Paşinyan prinsip etibari ilə, üçtərəfli müqavilədən imtina edib. Artıq deyir ki, biz onun tərəfi deyilik. Qarabağda nə baş verirsə ona Rusiya məsuliyyət daşıyır. Ermənistanın heç bir məsuliyyəti yoxdur.Yalnız ordan çıxmaq istəyən erməniləri qarşılamağa hazırıq. Əslinə qalsa, müqavilənin (üç tərəfli bəyanatın) elə bir əhəmiyyəti də yoxdur. Bəyanatda nəzərdə tutulmuş şərtlər var idi. İndi o şərtlər də yoxdur. Sülhməramlıların iki əsas funksiyası var idi;
Biri Laçın dəhlizinə nəzarət etmək idi.Həmin funksiyanın yerinə yetirilməsi artıq qismən məhdudlaşdırılıb.Laçın yolunun ən kritik yerində Azərbaycanın Sərhəd-Buraxılış Məntəqəsi quraşdırılıb.Yola nəzarət rusların tam olaraq əlində deyildi. İkinci funksiya isə, indi aradan qalxdı. Onların ikinci vəzifəsi təmas xətti idi. Tərəflər arasında atəşkəsi təmin etmək idi. Atəşkəsi!! -mən xüsüsi bunu qeyd edirəm. İndi təmas xətti yoxdu, ermənilər ya çıxıb gedirlər, ya da təslim olurlar. Ruslar üçün yerinə yetiriləcək heç bir vəzifə qalmayıb. İndi ruslar qalmaq üçün, yeni funksiyalar əldə etməlidirlər ki, 2025-ə qədər burda qalsınlar. Deyəsən Şəfiyev idi, o dedi ki, ən azı reinteqrasiya prosesi başa çatanacan Azərbaycan ordusu və polisi Xankəndinə girməyəcək. Yəni Rusiya qoşunları orda təhlükəsizlik təminatı ilə məşğul olacaq. Bu isə bəyanatda nəzərdə tutulmuş funksiya deyil.
Biz son günlər görürük ki, Rusiya rəsmiləri, sülhməramlıların ordan nə zaman çıxarılacağı müzakirə predmeti deyil deyirlər. 2025-ci ili yada salmaq istəmirlər.Çünki, 2025-ci illə bağlı bəyanata istinad etmək axmaqlıq olardı. Artıq Bəyanat işləmir.
Azərbaycanın yeni bəyanatları var. Elə təsürat yaranır ki, Rus Sülhməramlılarına yeni funkiya verilmək istənilir.Son günlər səslənən bəyanatların birində deyilirdi ki, Azərbaycan tərəfi Qarabağda qalan ermənilərin təhlükəsizliyinin təminatını və reinteqrasiya prosesini Rusiya Sülhməramlıları ilə sıx kordinasiyada həyata keçirəcək. Bu təhlükəli prosesdir. Çünki, reinteqrasiya prosesinin sərhədlərini dəqiq cızmak mümkün deyil. Kimsə deyə bilməz ki, reinteqrasiya prosesi 5 günə bitəcək, ya 5 ilə. Belə bir sənəd olmadığı üçün proses qeyri müəyyən vaxta qədər uzana bilər. Görünən odur ki, Bakı və Moskvanın bu yöndə təmasları var. Ona görə də, Lavrovun “sülhməramlıların sayı və müddətinin artırılıb-artırılmayacağı yerlərdəki vəziyyətlə bağlı olacaq” bəyənatı əvvəl ki razılaşmalara tamamilə ziddir. Orda say da, müddət də dəqiq göstərilmişdir. Biz müddət, say və funksiyalar barədə ciddi güzəştlərə gedəriksə və ya konkret olaraq təhlükəsizliyin yalnız onlar tərəfindən ya Xankəndi, ya Xocalı olsun həyata keçirilməsi barədə güzəştə getsək. Bu bizə, gələcəkdə çox böyük problemlər yarada bilərik. Nəzərə alaq ki, bu Paşinyan üçün elə bir problem yaratmır. Paşinyan Rusiya təhlükəsizliklə bağlı məsuliyyət daşıyır deyir. Gəlirlərsə mən qəbul edirəm. Ruslara inanmaq lazım deyil, onlar bizi satdılar, bizə yeni müttəfiqlər lazımdır. Bu situasiya çox təhlükəıli perspektiv vəd edir. Əgər hadisələr bu yöndə gedərsə,növbəti dəfə hər hansı əməliyyat keçirəsi olsaq, ruslarla toqquşmalı olacağıq ya da, yenə alver predmeti olacaq. Aydındır ki, alver üçün də imkanlar tükənib.
Yəqin ki, İrəvanda gedən prosesləri izləyirsiniz. Paşinyan ona olan təzyiqlərə heç olmasa bircə il duruş gətirə bilsə (mən buna o qədər də inanmıram), məsələ müsbət həll oluna bilər. Orda Paşınyanın müxaliflərinin əsas şüarı nədir? – Onlar Praqa razılaşmalarından imtina edəcəklərini bəyan edirlər. Paşinyan devrilsə, revanşıstlər gələcək, onlar da ruslarla qardaşlıqdan danışırlar. Onlar hakiməyətə gələrlərsə, Ermənistanın Rusiyadan uzaqlaşması perspektivi aradan qalxarsa, bu halda Ermənistana Putin əlavə bonuslar verəcək çünki, hakimiyyətə gələnlər onun adamları olacaq, bir başa olmasa da dolayısı ilə bu bonusları kimin hesabına vermək olar – Azərbaycanın. Yəni sülhməramlı adlı Rus qoşunları bizim üçün baş ağrısıdır.
Rauf bəy, geniş və maraqlı müsahibə üçün təşəkkür edirəm.
Çox sağ olun.
Məhərrəm Göyüşoğlu.