sağlamlıq

Sağlam qidalanırıq, amma yenə kökəlirik. Səhvi Harda Axtaraq ?-Elnur Nemətovun yazısı

19 fevral / 23:16 6 dəq
Elnur mematov 1
19 fevral / 23:16
Burada sizin reklamınız ola bilər
Bir çox insan düşünür ki, problem iradədədir. Guya kimsə güclüdür, kimsə zəif. Amma reallıq bir az fərqlidir. Məsələ çox vaxt xarakterdə yox, sistemdə olur.
Aclıq səviyyəsi yüksələn kimi beyin rejimi dəyişir , rasional hissəsi fasiləyə çıxır, qərar verən “tez ol!” deyən instinkt olur.
Göz isə nəyi seçirsə, əl ora gedir.
Yəni qərarımız sürətli olur, menyu qarışır, plan isə ümumiyyətlə ortalıqda görünmür.
Sonra vəziyyət sakitləşir və daxili istintaq başlayır):
Mən bunu niyə etdim?
Axı sağlam şeylər yemişdim, niyə özümü belə ağır hiss edirəm?
Əslində cavab düşündüyümüzdən daha sadədir.
Sağlam məhsul yemək hələ sağlam sistem qurmaq demək deyil. Çünki sağlam qida ilə sağlam qidalanma eyni anlayış deyil: biri keyfiyyətdir, digəri isə idarəetmədir.
Başqa sözlə, yaxşı oyunçuların olması hələ güclü komanda demək deyil. Onların meydandakı düzülüşü, oyuna qoşulma vaxtı və bir-biri ilə uyğunluğu nəticəni müəyyən edir.
Qidalanmada da eyni qayda işləyir.
Sağlam qida – məhsulun öz keyfiyyətidir.
Sağlam qidalanma isə – həmin məhsulun nə vaxt, nə qədər, nə ilə birlikdə və hansı ardıcıllıqla yeyilməsidir.
Gəlin məsələyə ətraflı baxaq.
Təsəvvür edək ki, mədə məktəbin qapısıdır. Zəng çalınır, dərs bitir və bütün siniflər eyni anda çölə çıxmaq istəyir. Bir tərəfdən balacalar, o biri tərəfdən yuxarı siniflər, kimisi sakit addımlayır, kimisi qaça-qaça.
Müəllim də yoxdur, istiqamət verən də.
Nə baş verir?
İtələşmə, sıxlıq. Birinin çantası açılır, dəftərlər yerə tökülür, başqasının ayağını tapdalayırlar. Səs-küy artır, aləm dəyir bir-birinə ))) axın dayanır, çıxış əvəzinə tıxac yaranır.
Əslində heç kim problemli deyil ki. Sadəcə hamı eyni anda qapıya yüklənib.
Bax, həzm də eyni prinsiplə işləyir: fərqli sürət tələb edən qidalar plan olmadan birlikdə gələndə sistem tıxaca düşür.
Biz isə bunu köp, doluluq, ağırlıq kimi hiss edirik və elə bilirik ki, problem məhsullardadır.
Halbuki məsələ onların pis olmasında deyil. Səhv, faydalı bildiyimiz hər şeyi eyni vaxtda, eyni yeməkdə bir yerə yığmağımızdadır.
Yaxşı, bəs sağlam qidalarla necə sağlam qidalanaq?
Bunun üçün uyğun kombinasiya qurmaq lazımdır.
Məsələn:
Hər qida hər qida ilə yaxşı uyğun gəlmir. Süd məhsulu ilə turş meyvə və ya ət ilə çox nişastalı məhsul birləşməsi həzmi çətinləşdirir.
Həzm üçün zaman vermək lazımdır. Bir yemək bitdikdən sonra bir az gözləmək, sonra növbəti qidanı qəbul etsək daha yaxşı olar.
Hansı qidanı birinci çeynəyib udmağımızdan çox şey asılıdır.
Yüngül və tez həzm olunan qidaları əvvəl, ağır və proteinli qidaları sonra qəbul etmək lazımdır. Məsələn: lif, zülal, karbohidrat.
Hər gün eyni məhsulu yemək də vitamin və mineralların balansını poza bilər. Müxtəlif qidaları dəyişərək yemək daha faydalıdır.
Sağlam məhsulları yalnız planlı, ardıcıl və uyğun şəkildə qəbul etmək həzm sistemini rahatlaşdırır, enerji verir və bədən formasını qorumağa kömək edir.
Sağlam qidalanmağın ən çətin hissəsi isə başımızın içindədir. Çünki qərarı verən çox vaxt mədə yox, beyin verir.
Ona görə də özümüzü yeməkdən əvvəl idarə etmək çox vacib məsələdir.
Bunun üçün nə etməliyik?
Birinci, qərarı ac vaxtı verməmək lazımdır.
Aclıq emosional təzyiq yaradır və beyin ən rahat yolu seçir. Ən yaxşı variant menyunu, porsiyanı, hətta saatı əvvəlcədən müəyyən etməkdir. Plan varsa, instinkt sakit durur.
İkinci, qadağalara həssas yanaşmaq lazımdır.
Çünki “bunu yemək olmaz” dedikcə beyin onu daha çox istəyir. Əvəzində “nə vaxt və nə qədər yeyəcəyəm” yanaşması daha yaxşı olar. Beyin onda qıtlıq yox, nəzarət hiss edir.
Üçüncü, sürətli yeməkdən çəkinmək lazımdır.
Tez yeyəndə doyma siqnalları gec çatır və biz ehtiyacdan artıq qida qəbul edirik. Yavaşlamaq miqdarı azaldır. Bədən vaxt tapır başa düşməyə ki, artıq yanacaq gəldi.
Dördüncü, emosiyanı aclıqla qarışdırmaq olmaz.
Stress, yorğunluq, darıxmaq çox vaxt yemək istəyi kimi görünür. Amma həqiqətən yeməyə ehtiyac varmı, yoxsa bizə sakitləşmək lazımdır? Cavab ikincidirsə, deməli yemək problemimizi həll etməyəcək.
Beşinci, çox vacib olan məqamdır: özünü günahlandırmaq.
Yəni bir dəfə qaydanı pozdum, vəssalam, “artıq fərqi yoxdur”, alınmır məndə düşüncəsi daha böyük pozuntu yaradır.
Halbuki növbəti seçim hər şeyi bərpa edə bilər. Anlamalıyıq ki, bir yemək taleyi həll etmir, amma ardıcıl davranış həll edir.
Çünki bədən hər dəfə bizdən mükəmməllik gözləmir, sadəcə sabitlik gözləyir.
Və işin maraqlı tərəfi budur: psixologiya düzələndə porsiya özü düzəlir, kombinasiya özü yaxşılaşır, rejim özü formalaşır.
Əgər bunu təkbaşına qurmaq bizə çətin gəlirsə, prosesdə itib-batırıqsa, dəstək almaq hec də zəiflik deyil, əksinə ən ağıllı addımdır.
Belə olan halda işin peşəkarına müraciət etməklə həm vaxtımıza qənaət etmiş, həm də istədiyimiz nəticəni daha tez əldə etmiş olarıq.
Bəzən düzgün istiqamət illərlə edilən səhvlərdən daha güclü təsir göstərir.
Hörmətlə:
Paylaş
Burada sizin reklamınız ola bilər