Rauf bəy, salam.Hər vaxtınız xeyir.
Hazırda Qarabağda baş verən hadisələr barədə sizin fikirləriniz maraqlıdır.Laçın yolunda, sərhəd-keçid məntəqəsində baş verən son hadisələr, ölkəmiz ətrafında yaradılan süni ajiotaj necə sonuclanacaq?
BMT-də Azərbaycanla bağlı nə qərar çıxacaq?
-İlk öncə onu qeyd edim ki, hər bir işi həyata keçirərkən onun ictimai vəkillik işi paralel getməlidir. Gördüyün işin haqlı və zəruri olduğunu faktlarla sübuta yetirməlisən. Tərəfdarlar toplamalısan. Təəsüf ki, Laçın yolunda Azərbaycanın atdığı addımlar doğru olsa da biz onu lazımı səviyyədə müdafiə edə bilmirik.Buna görə də ermənilər tərəfindən bu məsələ “humanitar fəlakət” adı ilə təbliğat materialına çevrilir. Geniş kampaniya təşkil olunur və məsələ BMT-yə çıxarılır. Amma hesab edirəm ki, bu mərhələdə Azərbaycan əleyhinə BMT hər hansı qərar qəbul etməyəcək.
Qaldı Laçın yoluna alternativ olaraq Azərbaycanın təklif etdiyi Ağdam yolu yüklərin daşınması üçün məqbuldur. Amma bu insanların gedib gəlməsi üçün münasib deyil.Hələlik ki, inteqrasiya prosesi baş verməyib, bunlar hələki, Azərbaycana tabe olmayıblar, olsaydılar problem olmazdı. Əlbətdə ki, insanların sərbəst hərəkət etmək azadlığı var,bu azadlıq təmin olunmalıdır.Bu necə təmin olunur, və ya olunacaq? -bax bu suala aydınlıq gətirilməli idi.Hansı yükləri buraxacağıq, hansı həcmdə buraxacağıq,İnsanlar necə gedib-gələcək,bütün bunlara əvvəlcədən aydınlıq gətirilməli idi. Yəni, bizim məqsədimizin yolu bağlamaq olmadığını çatdırmalı idik. Bizim məqsədimizin əslində silahın, narkotikin, qaçaqmalçılığın Azərbaycan ərazisinə keçidinin qarşının almaq olduğunu, hər kəsə aydın izah etməli idik.
Qarabağda yerləşən qızıl mədənlərinin fəaliyyəti ilə bağlı təkliflər verə bilərdik,həmin müəsisələrin fəaliyyətini davam etdirməklə, çıxan məhsulların Azərbaycan tərəfindən alınacağını deyə bilərdik. Bir növ iqtisadi inteqrasiyaya yol aça bilərdik,iqtisadi patronajlığımızı ortaya qoya bilərdik.Biz isə, təəsüf ki, hay-küy yolunu tutub ekoloji kampaniya təşkil etdik.İnsanlar işləmirmi, Ermənistan işləmirmi?Ermənistanı aradan çıxardıb, biz o şirkətlə müqaviləmizi bağlaya bilərdik,o şirkətdə, o insanlarda bizə işləyə bilərdi.Yəni məsələlərə daha konseptual , düşünülmüş şəkildə yanaşmalı idik.Daha rasional, kontur tədbirlər irəli sürüb, situasiyanı öz xeyrimizə çevirə bilərdik.
–Rauf bəy, sanki bizim də reinteqrasiya ilə bağlı proqramımızın olmadığı hiss olunur.
-Məsələn Vaqif Xaçaturyan idi,nə idi-hərbi cinayətkar, biz onu tutduq.Doğru elədik.Hərbi cinayətkarlara qarşı hər hansı güzəşt olmamalıdır. Ancaq bu hərbi cinayətkalar barədə də bir qərar, proqram olmalıdır.Bu məsələni bütövlükdə həll etmək lazımdır. Biz ümumiyyətlə istəyirikmi Sarkisyan, Koçaryan həbs olunsun? Məhkəmədə cavab versin?Yəni ki, bu yolnan bu məsələni həll etmək mümkün olmayacaq. Bunun üçün, beynəlxalq hüquq normaları çərçivəsində qərar olmalıdır, razılaşma olmalıdır.Ola bilsin ki, ermənilər də bizdən kimləri isə hərbi cinayətkar elan etsin, Rusiyada xəbərsiz-ətərsiz kimlərisə həbs etsin. Yəni bu həll deyil.Məsələnin geniş mənada həlli fərqli olmalıdır. Amma, gəlin məsələyə başqa aspekdən yanaşaq.Tutaq ki, Qarabağda yaşayan gənclər orduda, və ya “özünümüdafiə” qüvvələrinin tərkibində döyüşüb, Azərbaycana qarşı. Həmin uşaqlar özlərini hərbi cinayətkar saymır.Amma, Azərbaycan qanunlarına görə də, beynəlxalq qanunvericiliyə görə də, onlar hərbi cinayətdə iştirak ediblər.Belə çıxır ki, kütləvi sürətdə sərhəddi keçəndə bizim sərhədçilər onları tutmalıdır? Bu hal təsəvvür edirsiz hansı stiasiya yaradacaq. Yaxud da, indi orada Xankəndində işləyən məmurların əksəriyyəti seperatçı rejimə xidmət ediblər və edirlər. İndi biz onların hamısını tutmalıyıqmı?Buna dəyərmi?
Bu məsələlər, yəqin ki, aministiya ilə həll olunacaq.Yəni bu məsələlər geniş izah olunmalıdır ki, biz bu 30 ildə bu və ya digər şəkildə seperatçı rejimlə əməkdaşlıq etmiş insanların hamısını həbs etməyəcəyik.Söhbət ancaq hərbi cinayətkarlardan gedir.Yəni təəsüf ki, hökümətin reinteqrasiya ilə bağlı aydın proqramı yoxdur.Bəzi məsələr barədə bəyanatlar verilir, amma fikrimcə məsələyə konseptual yanaşıb, aydın mövqe qoyulmalıdır.Bu həm beynəlxalq birlik üçün, həm də orada yaşayacaq etnik erməni vətəndaşlar üçün son dərəcə vacibdir.
–Rauf bəy, Ermənilərin Yevlax görüşündən imtina etməsi,vaxtaşırı müharibə ritorikasının gündəmə gəlməsi,mövqelərin tez-tez dəyişməsi hara qədər gedəcək?
-Rusiya və Ukrayna məsələsində aydınlıq yaranmayana qədər bu ritorikə davam edəcək.Tərəflərin əsas məqsədi,fikrimcə indi heç nə imzalamamaqdır.Çünki,sülh danışıqları üç istiqamətdə aparılır,Moskva, Brüssel və Vaşınqton.Əslində 2 variantda demək olar.Vaşınqton və Brüssel masaları eyni məqsədlidir. Qeyd etdiyim kimi, bu münaqişənin sonunu bilmək mümkün olmağı üçün tərəflər tərəddüd içindədirlər. Moskvada imzalasalar, Vaşınqtonla münasibətlər pisləşəcək, Vaşınqtonda və ya Brüsseldə imzalasalar,və Rusiya Ukrayna cəbhəsində qalib gəlsə, Moskva ilə münasibətlərdə uçurum yaranacaq, qarşılarında aqressiv və təcəvüskar Rusiya olacaq.Buna görə də hər iki tərəf sülh sazişinin imzalanmasına ehtiyatla yanaşır.Burada hər iki ölkənin hakimiyyətlərinin özlərini qorumaq istəkləri də önəmli yer tutur.Ona görə də baxırlar,gözləyirlər.
Əslində sülh sazişini imzalasalarda, bu saziş Qarabağ məsələsini həll etməyəcək.İndi ki mərhələdə bunu düşünmək sadəlövlük olardı.Sülh sazişi Azərbaycanla Ermənistan arasında münasibətləri tənzimləyəcək.Sadəcə olaraq, Ermənistan Qarabağ münaqişəsinin həllində tərəf kimi iştirakdan imtina etmiş olur.Sülh müqaviləsi imzalansa belə, insan haqları, etnik ermənilərin hüquq və azadlıqları məsələlərini özümüz həll etməli olacağıq. Problemin həlli dövlətlərarası müstəvidən dövlətdaxili müstəviyə keçəcək. Bəzən deyirlər ki, bizə vasitəşi lazım deyil, bir başa həll edək. Fikrimcə, bu mövqe də indiki mərhələdə keçərsizdir. Çünki, tərəflər arasında qarşılıqlı inam yoxdur. Bu inam mühitini formalaşdırmaq üçün müəyyən zamana ehtiyac var.Hansısa təminatlar olmalıdır. Gələcəkdə sözsüz ki,bizim qanunvericilik daxilində münasibətlər tənzimlənəcək. Amma keçid dövründə,fövqaladə sitiasiyalarda müəyyən fərqli təminatlar olmalıdır.Həmçinin ermənilərin axmaq bir adətləri var. Sona qədər, hərbi birləşmələrinin arxasından çəkilmirlər. Əslində isə qanunsuz hərbi birləşmələr ləğv olunmalıdır. Onda, onların təhlükəsizlik məsələsi necə həll olunacaq.Çünki, dediyim kimi hələ qarşılıqlı inamsızlıq var.
Qaldı ki, Xankəndi erməniləri hələ ki, ancaq Rusiyanın istədiklərini həyata keçirəcəklər. Nə Arutunyan, nə Vardanyan öz sözünü danışmır. Hamısı Rusiyanın mövqeyinin ifadəçidir. Bütün gözlər yenə də, Ukrayna cəbhəsinə yönəlir. Məsələlərin birdəfəlik həlli oradan asılıdır.
Yenə də bizim tərəfin Reinteqrasiya ilə bağlı aydın konsepsiyası olmalıdır.Eyni zamanda hərbi cinayətkarlar barədə aydın konsepsiyalar olmalıdır.Bu Azərbaycan üçün önəm kəsb edən məsələdir.Yəni Xocalı cinayəti var, ortada. Tək Konsititusiya ilə yanaşmaq olmaz. Çünki,yazılanlarla real həyatdakı situasiya fərqlıdır.Başqa variant isə ola bilər ,düşünürlər ki, ermənilər orda qalmayacaq, gedəcəklər, bu halda özləri bilər. Onda sadaladıqlarımız hamısı mənasızdır.
-Sizcə, bu variant mümkündürmü?
-Prinsip etibarı ilə, nəzəri cəhətdən hər şey mümkün ola bilər. Amma, hər bir variantı həyata keçirmək üçün yollar var. İlk növbədə bir suala cavab vermək lazımdır.Bu Azərbaycana lazımdırmı?Bu suala cavab verəndən sonra, nəticələr nə olacaq, fəsadları nə olacaq, üstünlükləri varmı?-ondan danışmaq olar.İndi mən bu barədə müzakirə açmaq istəmirəm.Amma mən düşünmürəm ki, indiki halda bu Azərbaycanın xeyrinə ola bilər.Bəlkə mən səhv eləyirəm, bilmirəm.Ancaq, mənim düşündüyüm budur!
Rauf bəy,maraqlı müsahibə üçün, təşəkkür edirəm. Sağ olun.
Məhərrəm Göyüşoğlu