Son zamanlar ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiymətində 10-30 qəpik arasında artım baş verib. Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, son 3 ildə 4-5 dəfə siqaretlərin aksiz qiyməti artıb. Buna səbəb olaraq vergilərin artırılmasını bildirib:
“Bir çox hökumətlər həmçinin Azərbaycan hökuməti spirtli içki və tütün məhsullarının qiymətlərinin və vergilərinin artırılmasını rahat şəkildə həyata keçirir. Bunlar sosial məsələ olmadığına görə etiraza da səbəb olmur. Onlar daha çox sağlam həyat tərzinin təşviqi ilə izah etməyə çalışırlar. Bunun hardasa həqiqət payı var, amma hökumət bir şeyə diqqətlə baxmalıdır ki, şərait yarana bilər ki, qonşu ölkələrdə spirtli içkilərin və tütün məhsullarının qiyməti bizdən daha xeyli dərəcədə ucuz olarsa, məsələn, Gürcüstanda, İranda, Rusiyada fərq etməz. O zaman müxtəlif üsullarla gömrükdən yan keçməklə ölkəyə gətirləcək siqaretlərin və spirtli içkilərin sayı və həcmi artacaq və dövlət büdcəsi daha çox itirəcək. Həmçinin saxta məhsulların bazara çıxarılması sayını artıra bilər, onların bazara çıxması isə daha böyük ziyan vurur”.
Ülviyyə Həsənova