Uzun zamandır, Azərbaycanın əyalətlərində propan qazın qıtlığı yaranıb.
Bunun səbəbi heç bir şəkildə əhaliyə açıqlanmır.
Qərb bölgəsində, xüsusilə də Qazax şəhərində son bir ayın içində dəfələrlə mavi qazın verilməsində fasilələr müşahidə olunub. Bu şəhərdə kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır.
Nəticədə insanlar çətinlik çəkirlər. Qaz doldurma məntəqələrinə üz tutan əhali propan balonları əllərində saatlarla növbə gözləyir, amma yekunda kor-peşman geri qayıdır.
Əlaqədar qurumlar bu barədə heç bir açıqlama vermir. Nə “Socar”, nə də Dövlət Neft Şirkəti məsələyə aydınlıq gətirir ki, Azərbaycanda propan qazının qıtlığı nə ilə bağlıdır?
Bu gün “Bölgənin Səsi” saytının Gürcüstana ezam olunmuş xüsusi müxbiri oradakı qazdoldurma məntəqəsində olub, vəziyyəti öyrənib. Belə məlum olub ki, orada propan qazı var və satışında heç bir problem yoxdur. 5 litrinin qiyməti 6 lariyə, təxminən 3 manat 44 qəpiyədir.
Eyni qazın 3 litri bugünlərdə Şəmkir rayonunda 4 manat 50 qəpiyə satılıb. Bu barədə Şəmkir sakini “Feysbuk” sosial şəbəkəsində yazıb.
“Bölgənin Səsi” saytının kollektivi hesab edir ki, yaranmış bu vəziyyət artıq bir “SOS siqnalı”dır. Tez zamanda dövlət rəsmiləri, ən azı “SOCAR” şirkəti aydınlıq gətirməlidir ki, Azərbaycan vətəndaşları öz ölkəsində istehsal olunan qazı niyə Gürcüstan Respublikasından almalıdır? Özü də buradakından qat-qat ucuz qiymətə?