Qarın yağlarından qurtulmağın 7 Qızıl Qaydası-Sağlam həyat tərzi üzrə motivator Elnur Nemətovdan dəyərli tövsiyyələr
QARIN PİYİ – 7 QIZIL QAYDA
Qarın piyləri təkcə gözəllik problemi deyil!
Bu piylər:
Ürək-damar riskini artırır
İnsulin müqaviməti yaradır
Qara ciyər piylənməsinə səbəb olur
Həzm sistemini zəiflədir
Hormonal tarazlığı pozur
Bəs onlardan necə qurtulaq?
Qarın piyinə qarşı 7 Qızıl Qayda:
1.Şəkəri və süni məhsulları azaldın;
Qarın bölgəsinin ən yaxın dostu — şirniyyat, ağ çörək və qazlı içkilər sayılır. Tort, burger, dondurma, qazlı şirəli içkilər və s. – bunları da qəbul etmək olar, amma doğru həyat tərzi, doğru zaman və doğru miqdarda olarsa.
2. Gecə yeməyinə son;
Gecə yeyilən qidalar birbaşa piyə çevrildiyindən, axşam saat 19:00-dan sonra zərurət olmadığı halda qida qəbulundan qaçmağa çalışın. Çünki bədən gecə istirahət rejiminə keçir.
3. Hər gün ən azı 30 dəqiqə intensiv hərəkət;
Bunun üçün heç də idman zalına getməyə ehtiyac yoxdur. Gəzinti, pilləkən çıxmaq, evdə məşq — fərq etməz. Əsas odur ki, bədən hərəkətdə olsun.
4. Su içmək;
Su içmək həm də qarın yağının “yuyulması” deməkdir. Amma bu o demək deyil ki, bütün günü əlimdə su butulkası ilə gəzim. Çünki aşırı dərəcədə su içmək kalium, maqnezium, natrium və digər mineral duzların tarazlığını pozur. Bu da ürək ritminə, əzələ fəaliyyətinə və sinir sisteminə çox mənfi təsir göstərə bilər. Gecə saatlarında çox su içmək isə yuxusuzluğa səbəb olmaqla yanaşı, əsəb sistemini də aşırı yükləyir.
5. Stressdən uzaq olun;
Qarın piyinin bir adı da “kortizol yastığı”dır. Kortizol (stress hormonu) — hər narahatlıq olanda bədəndə yağ saxlayır və qarın bölgəsində piy toplayır. Musiqi, nəfəs məşqləri, sevdiyin işlər və xüsusilə meditasiya — buna səssiz dərmandır.
6. Vaxtında yatmaq;
Qarın piyinə qarşı yuxu çox əhəmiyyətli rol oynayır. Kifayət qədər və keyfiyyətli yuxu almamaq leptin və qrelin hormonlarını pozur. Bu da aclıq hissini və qarın bölgəsində piy toplanmasını artırır.
7. Zülallı qidaları artırın;
Zülal maddələr mübadiləsini sürətləndirir, daha uzun müddət toxluq hissi yaradır və əzələ kütləsini qoruyur. Bu isə piylərin, xüsusilə qarın ətrafındakı yağların əriməsinə şərait yaradır.

Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı