Qədim Türk inancı Tenqrizmdə oruc-Orxan ATABƏYin yazısı
Bu gündən Dünyada və Azərbaycanda Ramazan ayı başlayır.
Oruc, demək olar ki, bütün böyük dinlərdə mövcud olan bir ibadət formasıdır. İslam, Buddizm, Pravoslavlıq və Yəhudilikdə qaydalar daha sərtdir, müəyyən bir dövr ərzində qida qəbul edilmir. Digər inanclarda isə bu, daha çox müəyyən pəhrizlər şəklindədir.
Qədim türk inancı olan Tengrizmdə də oruc mövcud olub. Tarixi mənbələrə görə, ən əsası dekabr və iyul aylarında olmaqla, ildə 5-6 dəfə oruc tutulub.
Müsəlman orucundan fərqli olaraq, türklər həmin dövrdə yalnız ət, süd və duzdan imtina ediblər. Meyvə, tərəvəz və su isə qadağan olmayıb.
Oruc, dünyanın ən faydalı rituallarından biridir. Yapon alimi Yoşinori Ohsumi məhz bu sahədəki kəşfinə görə Nobel mükafatı alıb.
O sübut edib ki, aclıq zamanı autofagiya prosesi başlayır: -Sağlam hüceyrələr zədələnmiş, xəstə, qoca və yararsız hüceyrələri yeyərək ayaqda qalmağa çalışır. Yəni bədən istifadə edilməyən zibillərini təmizləyir.
Həzm sistemi, ürək və beyin sağlamlığı üçün onlarla faydası olsa da, bu, yalnız oruc düzgün tutulduqda mümkündür. Bir çox dost, tanışda görmüşəm iftar zamanı həddindən artıq yağlı, şəkərli və qızartma yeməklərə üstünlük verir. Bu isə faydadan çox ziyan gətirir.
Belə insanlar oruc tutmasa məsləhətdir. İftar, mədə-bağırsağı yükləmədən, sakit və təmkinli bir formada yerinə yetirilməlidir.




