Bölgə xəbərləri

“Ekoloji təmiz zəmbillərdən istifadə etməyə ehtiyac var” – Ekspert

15 fevral / 13:20 3 dəq
Plastik poset 1
15 fevral / 13:20
Burada sizin reklamınız ola bilər

Bu gündən Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq.

Bu barədə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyindən bildirilib.

Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan iqtisadçı Azər Mehtiyev bildirib ki, bu günə qədər həmin torbaları pulsuz aldığımızı düşünmürəm. Çünki, onların da hazırlanmasına xərc çəkilir. Bu xərclər hansısa formada aldığımız malların dəyərində doyalısı yolla çıxarılır:

ekspert-azer-mehtiyev

“İndiki rəsmi məlumatlara görə insanlar mağazalarda bu torbalardan istifadə etməyə həddən artıq meyillidir. Bu da həqiqətən ekoloji sağlamlıq baxımından zərərlidir. Bakı ətrafına və bir çox yerlərə baxanda da görürük ki, polietilen torbalar nə qədər zibilləmə yaradır. Bunun ekologiyaya və insan sağlamlığına ziyanları haqqında da geniş məlumatlar yayılıb”.

İqtisadçının fikirinə görə, torbaların pul ilə olması isə insanların daha az torbalardan istifadəsinə şərait yaradacaq. Bu ekoloji təmizliyi qismən təmin etmək üçündür.

“Ümumi say hesabı ilə götürdükdə qiymət qalxımına müəyyən təsiri olacaq. Ancaq, insanların konkret alver zamanı nə qədər təsir edəcəyi hesablanmır. Bütün hallarda yüksək qiymət artımı gözlənilmir. Ancaq, mən inanıram insanlar artıq əvvəlki qədər hər bir məhsulu ayrıca bir torbaya qoyub, mağazalardan 5-10 torba ilə çıxmayacaqlar. Bu tədbirlər belə hadisələrin qarşısını almaq baxımından təsirli ola bilər. Bu dünyada arzuolunmuş addımlardan biridir. Yəni bu yerli bir şey deyil, bu dünyanın müxtəlif ölkələrində tədbiq olunan bir prosesdir. Eyni zamanda ekoloji təmiz torbalardan istifadə etmək arzuolunandır. Bu baxımdan bu torbaların qiymətini qaldırmaq deyil, məncə bu ekoloji təmiz torbaların qiymətini aşağı salmaq istiqamətində atılan addımlardır”.

“Sovet vaxtında da kapron və qamışdan zənbillər var idi ki, istifadə edirdilər. Bu cür ekoloji təmiz zəmbillərdən istifadə etməyə, stimullaşdırmağa ehtiyac var. Məncə, belə olarsa yalnız bu torbalardan istifadəni qiymət qaldırmaqla azaltmaq deyil təmiz zəmbillərə keçmək daha məqsədə uyğundur” – deyə Azər Mehtiyev qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər