Özünüməşğulluğa cəlb olunmuş şəxslərə qarşı tələblər sərtləşdirilir.
Qerbxeber.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 6 ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytaracaq
Qüvvədə olan qanunda bu müddət 1 il nəzərdə tutulub. Digər tərəfdən qanuna təklif edilən yeni dəyişikliyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməli olacaq.