Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti qurumlarla birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
S.Babayev bildirib ki, cari ilin elə ilk aylarından Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımlar atılıb. Minimum əməkhaqqının və minimum pensiya məbləğinin təxminən 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması, həmçinin tələbələrin təqaüdlərində əhəmiyyətli artımın edilməsi, fiziki şəxslərin problemli kreditlərinin həllinə yönələn mühüm addım və s. kimi tədbirlər 3 milyondan çox insanın rifahına ciddi dəstək olub.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial sahə ilə bağlı müəyyən etdiyi vəzifələri diqqətə çatdıran nazir bu vəzifələrin hər birinin yüksək səviyyədə icrası üzrə məqsədyönlü işlərin aparılacağını vurğulayıb.