Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrailin “Ynet.co.il” saytı məlumat yayıb.
“İran əsilli silahlı şəxs səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik nümayəndəliyin binasında terror aktı törətməyə cəhd edən şəxsin tərksilah edildiyinə dair məlumat yayılıb. Məlumatda diplomatik nümayəndəliyin adı göstərilməyib. Məlumata görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M. H. Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb. Məhkəmənin qərarı ilə M. H. Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İş materiallarından məlum olub ki, uzun müddət gizli müşahidələr aparmış M. H. Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
M. H. Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.