Məsələni “Qərb Xəbər“ə dəyərləndirən xaricdə yaşayan tanınmış jurnalist Rauf Mirqədiroğlu suallarımızı cavablandırıb.
– Rauf bəy, şirin su ehtiyyatları dünyanın ən qlobal problemlərinə çevriləcəyi pronozlaşdırılır. Bu kontekstən baxdıqda Taliban və İran arasındakı qarşıdurmanı su müharibəsi adlandırmaq olarmı? Yoxsa hadisənin pərdəarxasında başqa məqamlarmı var?
Su ehtiyyatları üzərində nəzarət doğurdan da dünyanın qlobal problemlərindən biridir. Xüsusən Şərq ölkələrində, cənub və Afrika ölkələrində bu problem özünü daha ciddi göstərir. Hətta postsovet məkanında da görə bilərik. Daim su ehtiyyatları üzərində nəzarət dövlətlərarası münaqişələrə səbəb olub. Lakin, düşünmürəm ki, hazırki münaqişənin əsas səbəbi İranla Əfqanıstan arasında Hilmənd çayı üzərindəki nəzarətdir. Düşünürəm ki, tərəflər bundan bəhanə kimi istifadə edirlər. Bu səbəbləri daha dərindir. Bu daha çox İran rejimi ilə Taliban arasındakı ideoloji uçurumla bağlıdır. İran Yaxın Şərqdəki proseslərə təsir etmək üçün din amilindən fəal istifadə edir. Bir sıra ölkələrdə özünə yaxın olan dini qruplaşmaları müdafiə edir.
Onlardan həmin ölkələrin daxili proseslərinə təsir etmək üçün istifadə edir. Biz bunu İraqda, Suriyada, Livanda, Fələstində aydın görə bilərik. Əslində bir müddət bundan əvvəl Əfqanıstan Qərb koalisyasının təsiri altında olanda İranın Talibanı dəstəkləməsi haqqında məlumatlar var idi. Lakin, bütövlükdə Talibanın ideologiyası İrandakı hakim ideologiya ilə ziddir. Yəni, söhbət ifrat radikal sünni hərəkatdan gedir. Talibançılar üçün üçün İranı dəstəkləyənlər kafirə bərabərdirlər. Talibanın keçmiş hakimiyyət dövründə də bu tip qarşıdurmalar olurdu. Bu hərəkatlar əksdir, bir-birinə düşməndir və bir-birini məhv etməyə hazırlaşan hərəkatlardır. Ona görə hazırkı qarşıdurmanın köklərini su məsələsi üzərində qlobal bir qarşıdurmanın tərkib hissəsi hesab etmək düzgün olmazdı.
– İlkin analizlər onu göstərir ki, Taliban tərəfi İranı bu məsələyə reaksiya verməyə məcbur edib. Ardınca isə Taliban İrana müharibə elan edib. Bütün bunlar hərşeyin əvvəlcədən Talibanın planlaşdırdığını sübut edirmi?
Əslində bu halda birinci gülləni kimin atmasının elə bir əhəmiyyəti yoxdur. Hər iki ölkədə kifayət qədər problemlər var. Hər iki ölkənin rejimi də bu problemlərin öhtəsindən gəlmək iqtidarında deyil. Hər iki ölkədə ciddi sosial-iqtisadi problemlər var. Əhalinin vəziyyəti həddindən artıq ağırdır. Hər iki ölkə də sanksiyalara məruz qalıb. Taliban hakimiyyətə gələndən sonra Əfqanıstana beynəlxalq dəstək azalıb. Əfqanıstanın daxilində məhz Talibansayağı şəriət qanunları tətbiq olunması ilə bağlı ciddi etirazlar var. Digər tərəftən etnik və ideoloji baxımdan hakim rejimə müxalif olan qüvvələr var. Bütün bunların öhtəsindən gəlmək o qədər də asan deyil. Digər tərəftən İranda biz sosial problemlərlə yanaşı ciddi bir daxili siyasi qarşıdurmanın şahidi oluruq. Sanksiyalar, sosial-iqtisadi problemlər və insanların azadlıq istəyi Tehran rejimini çox ağır vəziyyətdə qoyub. Belə bir şəraitdə hər iki rejimin daxili problemləri həll etmək əvəzinə xarici düşmən yaratmaq və rejimin tərəfdarlarını səfərbər etmək cəhtləri başa düşüləndi. Digər tərəftən mən istisna etmirəm ki, qarşıdurmanın baş verməsində xarici güclər də maraqlıdır. Hal-hazırda nə Taliban rejimi, nə də İran rejimi xarici qüvvələri tam təmin etmir. Hər iki rejimin devrilməsi bir çox xarici qüvvələrin maraqlarına cavab verir.
– Hazırki qarşıdurmanın daha da böyüməsi ehtimalı varmı? Daha iri çaplı müharibə olacağı təqdirdə müharibədən yeni çıxmış, müharibə üçün daha təcrübəli ordusu olan Talibanın üstün olacağını düşünürsüzmü?
Düşünmürəm ki, Talibanın daha güclü və daha yaxşı təlim görmüş ordusu var.
Birincisi, İran ordusunun ümumiyyətlə hərbi əməliyyatlarda iştirak etməməsi ehtimalı düzgün deyil. İran uzun müddət Suriyada baş verən müharibədə öz ordusu ilə, İslam Keşikçiləri Korpusları ilə iştirak edib. İran regiondakı digər münaqişələrə cəlb olunub. Ona görə də İran ordusunun xüsusilə də islam keşikçilərinin hərbi əməliyyatlarında iştirak etmək təcrübəsinin aşağı olması haqqında fikirlər mən düşünürəm ki, həqiqətə uyğun deyil.
İkincisi, İran ordusunun tərəf müqabili yəni İran ordusu ilə qarşı-qarşıya duran qüvvələr Suriyada daha yaxşı təmin olunmuş, xaricdən daha yaxşı və müasir silahlar alan qüvvələr idi. Burada bu və ya digər dərəcədə Rusiya ilə yanaşı Türkiyə də İrana qarşı cəlb olunmuşdu. Türkiyə ilə yanaşı Amerika Birləşmiş Ştatları da cəlb olunmuşdu.
Bu baxımdan düşünürəm ki, qeyd etdiyimiz bu xüsusiyyəti də nəzərə almaq lazımdır.Əgər biz Əfqanıstandakı vəziyyətə nəzər salsaq, yəni Amerika ordusu İrandan çıxarıldıqdan sonra sadəcə olaraq yerli qüvvələr heçbir müqaviməti Talibana göstərmək iqtidarında olmadılar. Yaxud istəmədilər. Çunki, onlar öz ideologiyalarına görə həmin qüvvələri təmsil edən qüvvələr Talibandan çox da fərqlənmirdilər və heç bir müqavimət göstərə bilmədilər, tez bir zamanda dağıldılar.
Üçüncusu, nəzərə almaq lazımdır ki, söhbət yaxşı təchiz olunmuş, yaxşı təlim görmüş, nizam intizama malik bir ölkənin ordusundan gedir. Artıq onun qarşısında heç bir motivatsiyası olmayan Əfqan mərkəzi hökümətinin qüvvələri durmayacaq. Ona görə də mən düşünmürəm ki, bu halda böyük bir müharibə başlayarsa Taliban hər hansı ciddi bir üstünlük əldə edə bilər. Amma, qanlı müharibə ola bilər, böyük miqdarda insanlar həlak ola bilər. Ehtimal edirəm ki, söhbət sərhəd toqquşmalarıdan o yana getməyəcək .
– İki ölkə arasındakı müharbə bölgəyə necə təsir edə bilər və bundan hansı güclər faydalana bilər?
Birincisi, düşünmürəm ki, hal-hazırkı münaqişə böyük bir müharibəyə çəvrilə bilsin.
İkincisi, düşünmürəm ki, bu münaqişəyə çox ciddi qüvvələr cəlb olunsun. Çünki, ciddi qüvvələr başları digər ciddi problemlərə qarışıb və bu münaqişəyə cəlb olunmağa heç də maraqlı deyillər. Həm də digər tərəfdən marağlı olmamasının ən vacib səbəbi ciddi qüvvələr nə İrana, nə də Əfqanıstana dəstək göstərmək fikrində deyillər. Belə bir halda münaqişənin xüsusilə geniş bir vüsət alacağına mən inanmıram. Sadəcə olaraq hər iki ölkənin zəiflədilməsinə maraqlı olan qüvvələr və dövlətlər var. Onlar bu situasiyanı kənardan qızışdıra bilərlər. Amma ciddi bir münaqişənin baş verməsinə gətirib çıxaracaq stimullar yoxdur.
Digər tərəfdən regionun aparıcı dövlətləri də hər iki gücə neytral münasibət bəsləyirlər. Regionda Rusiyanı çıxmaq şərti ilə İranın güclü müttəfiqi yoxdur. Rusiyanın isə hal hazırda başı başqa problemlərə qarışıb. İrana ciddi bir dəstək göstərmək imkanına malik deyil, heç marağında da deyil. Əksinə Rusiyanın İranın yardımına ehtiyacı var və münaqişə əslində İranın yardım imkanlarını məhdudlaşdıra bilər. Taliban hərəkatının regionunda da hal hazırda ciddi bir mütəffiqi yoxdur. Yəni, körfəz ölkələrinin bir hissəsi İranın nüfuzunun və gücünün zəifləməsində marağlıdırlar. Amma Taliban onlar üçün həddindən artıq onlar üçün qəbul olunmaz qüvvədir. Talibanın uzun müddət mütəffiqi Pakistan olub və ondan dəstək alıb. Pakistanda özünə sığınacaq tapıb. Amma Pakistanla da son dövrlərdə Taliban hərəkatının münasibəti kifayət qədər gərginləşib.
Hətta, silahlı qarşıdurmalar olub. Talibanın Pakistandakı hökumət qüvvələri və yaxud Talibana mütəffiq olan hökumət qüvvələri arasında. Pakistan höküməti bu qarşıdurmaların qızışdırılmasında ittiham edir.Belə bir şəraitdə münaqişənin ciddi sponsorlarının olmayacağı şəraitdə münaqişənin region dövlətlərinin mövqeyinə və regiondakı qüvvələrinə ciddi təsir göstərəcəyinə mən inanmıram.
Rahib İsgəndərli