Ermənistan seçkiləri: “Sülh” ya “Antisülh”?-Asif Nərimanlının yazısı..
Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək. Bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın “çobanlıq” etmək uğrunda mübarizə apardığı revanşistlər: seçki proqramlarına istinadən onları şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar. Bu cəbhələrin hansı qalib gələrsə, hadisələr necə inkişaf edə bilər?
Paşinyanın 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur.
– Sülh gündəliyi davam etdiriləcək;
– Seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq;
– Bakının tələbləri sırasında yer alan “mövcud konstitusiyanın dəyişdirilməsi” rellaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq;
– Regional kommunikasiyanın açılması çərçivəsində Zəngəzur dəhlizi işə düşəcək;
– Hətta Qərbi azərbaycanlıların sülh şəraitində doğma yurdlarına – Göyçəyə, Zəngəzura və digər ərazilərə qayıdışı da real görünür;
Bu gözləntilərin reallaşması – sülh prosesinin yekunlaşması Ermənistanın mövcudluğunun saxlanılması, cəmi 100 il öncə Azərbaycan torpaqları hesabına süni şəkildə yaradılmış bu dövlətin süqut etmək risklərindən xilas olması baxımından da əhəmiyyətlidir. Paşinyan bunu anladığı üçün sülhdə israr edir.
7 iyunda qutudan revanşistlər çıxarsa, nələr olacaq?
Köçəryan və Karapetyanın təmsil etdiyi antisülh cəbhəsi seçki proqramını qondarma “artsaxın dirildilməsi” üzərində qursalar da, Qarabağ məsələsinin tamamilə bağlanması fonunda Azərbaycana qarşı ərazi iddiaları üzərindən hansısa risklər yaratmaq imkanları görünmür. Qarabağ iddiası ritorik müstəvidə gündəmdə saxlanıla və regionda geosiyasi maraqlar toqquşmasında təzyiq xarakteri daşıya bilər. Hərçənd, Qarabağın ritorik olaraq gündəmdə saxlanılması da daxil olmaqla, revanşistlərin proqramı sülh prosesini baltayacaq. Hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla “ədalətli sülh müqaviləsi” imzalayacaqları vədlərindən də yeni eskalasiyanın qoxusu gəlir. Və aydındır ki, onların “ədalətli müqavilə” anlayışı Bakı-İrəvan xəttində pillə-pillə ucaldılmış sülh pramidasının çöküşü deməkdir.
– Sülh gündəliyində yeni şərtlər irəli sürmələri prosesi tormozlayacaq;
– Yekun sülh sazişinin imzalanmasında əsas maneə olan mövcud konstitusiyanı dəyişdirməkdən, yaxud yenisinin qəbul edilməsindən imtina edəcəklər;
– Sərhədin delimitasiyası prosesini dayandıracaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək, ən yaxşı halda Naxçıvana maneəsiz keçid razılaşmasından imtina edəcəklər ki, bu da kommunikasiyanın bərpasını arxa plana keçirəcək.
Və bu situasiya təkcə Bakı-İrəvan xəttindəki sülh prosesini sıradan çıxarmayacaq, eyni zamanda, bölgədə yeni eskalasiya risklərini də artıracaq. Mümkün eskalasiya coğrafiyasının sərhəddə olacağı da sirr deyil.
Bütün bunların fonunda iyunun 7-də Paşinyanın məğlubiyyəti, revanşistlərin qələbəsi Azərbaycan üçün riskli görünür. Hərçənd, revanşistlərin qələbəsinin Azərbaycanın qarşısında yeni imkanlar aça biləcəyi məqamı da kənara atılmamalıdır. Rəsmi Bakının seçkilərində Paşinyanın “taxtdan salınması” ssenarisinə də hazırlıq olduğu istisna deyil. Əliyevin Zəngilanda verdiyi mesajlar bu kontekstdə təsadüfi deyildi:
– “Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.
– “Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
Prezidentin bu sözləri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşımaqla yanaşı, Azərbaycan rəhbərliyinin hadisələrin inkişafına adekvat ssenariyə malik olduğuna da əminlik yaradır. Əliyev məhz hadisələrin mümkün inkişafına istinadən revanşistlərin seçkidə qalib gələcəyi təqdirdə “Ermənistan xalqının başının dərddə olacağı” mesajını verirdi.
Birincisi, revanşistlərin rəhbərlik edəcəyi Ermənistanın tərəfdaş siyahısında ABŞ və Avropa İttifaqını Ukrayna bataqlığından çıxa bilməyən Rusiya və son müharibədə “yarımcan” olan İran əvəzləyəcək: Vaşinqton üçün kapital qoyduğu Zəngəzur dəhlizinin, ümumilikdə sülh prosesinin sual altına düşməsi arzuolunmazdır, Brüssel isə İrəvan üzərindən həyata keçirdiyi regional siyasətinə risklərin yaranmasını qəbul etməyəcək;
İkincisi, sülh piramidasının dağılması Ermənistanı yenidən “dalan ölkə” qaranlığına qaytarmaqla yanaşı, yeni esakalasiya risklərini də aktuallaşdıracaq və revanşistlərin üfüqdə aydın görünən təhdidlərinə qarşı Azərbaycanın güc tətbiqi ilə cavabı qaçılmaz ola bilər: 2020-ci ildə torpaqlarımızın azad edilməsi naminə baş verən müharibənin bu dəfə “sülh uğrunda müharibə”yə çevrilməsi mümkündür.
Və belə görünür ki, Ermənistanda 7 iyun seçkiləri ya “sülh”, ya da “sülh uğrunda mübaribə” dövrünün başlanğıcı ola bilər.





