2022-ci ildə dünyada qeydə alınan edamların sayı son beş ilin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə “Amnesty İnternational” təşkilatı məlumat yayıb.
Bildirilib ki, edamların sayının artmasına səbəb Yaxın Şərqin bir sıra ölkələrində ölüm hökmündən tez-tez istifadə olunmasıdır.
Təşkilatının illik hesabatı göstərir ki, 2022-ci ildə 20 ölkədə 883 nəfər edam edilib, bu da əvvəlki illə müqayisədə 53 faiz artım deməkdir.
Edamların 90 faizi İran, Səudiyyə Ərəbistanı və Misirin payına düşür.
Statistikaya hər il minlərlə insanın edam edildiyi güman olunan Çindəki ölüm hökmləri daxil deyil. Çində edam hökmləri ilə bağlı məlumatlar məxfi saxlanılır. Təşkilat, həmçinin Şimali Koreya, Vyetnam, Suriya və Əfqanıstanda ölüm hökmlərinin icra olunduğunu bildirib, lakin bu ölkələrlə bağlı statistika əlçatan deyil.
Hesabata əsasən, edamların sayı ən çox İran və Səudiyyə Ərəbistanında artıb.
Sənəddə bildirilib ki, İranda 2021-ci ildə 314 nəfər edam edilibsə, ötən il bu rəqəm 576-ya çatıb. 279 nəfər adam öldürməkdə, 255 nəfər narkotiklə əlaqəli cinayətdə, 21 nəfər zorlamada, 18 nəfər isə “Allaha düşmənçilik”də, daha üç nəfər naməlum cinayətdə ittiham edilib.
Səudiyyə Ərəbistanında edamların sayı üç dəfə artıb, 2021-ci ildə 65 ölüm hökmu icra olunubsa, bu rəqəm 2022-ci ildə 196-ya çatıb.