“Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif vasitələrlə və müxtəlif yollarla dövlətçiliyimizin möhkəmlənməsinə qarşı etdiklərini İran bu gün də etməkdədir. Ərazi bütövlüyümüzün pozulmasında və Azərbaycanın torpaqların Ermənistan tərəfindən işğalında da İran molla rejimi öz düşmənçilik rolunu oynayıb. Şuşanın işğalı ilə bağlı faktı demək bu baxımdan kifayətdir”.
Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında deputat Fəzail Ağamalı bildirib.
Fəzail Ağamalının sözlərinə görə İran işğal dövründə Ermənistana hər tərəfli yardımı göstərib. Azərbaycanın işğal olunmuş ərazilərinin yeraltı və yerüstü sərvətlərinin talan olunmasında kifayət qədər fəal rol oynayıb.
“Müharibə dövründə riyakarçasına susaraq kirli şəkildə Rusiya vasitəsilə daşınan silahları Ermənistana ötürüb. Bunun qarşısını almaq üçün oradakı fədakar soydaşlarımız ayağa qalxdı. Hətta, maşınlara od vurub yandırdı. Bundan sonra İran öz riyakar əməllərinə fasilə verdi. Artıq Azərbaycanın ermənilərə vurduğu ağır zərbələr və qəhraman ordumuzun Şuşaya yaxınlaşması nəticəsində özlərinə məxsus olaraq iran mollaları Azərbaycanı dilucu təbrik etdi. Bunlar faktdır. Bunları deməkdə niyyətim odur ki, bu gün görünən sadəcə olaraq həmin prosesin davamıdır.
Azərbaycan gücləndikcə İran düşmənçilikdə daha da qabağa gedir. Ermənistanı hərtərəfli müdafiyə etməklə kifayətlənmir, ona qucaq açır, ona yardım göstərir. Azərbaycana qarşı təcavüzun davam etdirilməsi üçün nə mümkündüsə onu edir. Ermənistanı özünün strateji müttəfiqi hesab edir. Qardaş deyərək onu qucaqlayır, ona geniş meydanlar verir. Daha sonra heç bir ehtiyac olmadan Azərbaycana güc nümayiş etdirərək bir neçə dəfə Arazın sahilində hərbi təlimlər keçirir. Azərbaycan dövlətinə qarşı İran mətbuatında təhdidlər yağdırılır. Dünən Ermənistan baş naziri İranda idi. Baxın hansı səviyyə ilə bu qarşılandı. İran erməni faşistlərinə bu dərəcədə yüksək qiymət verir. Budur İran”.
Deputat əlavə edib ki, İran Azərbaycanda özünün agentura şəbəkəsini yaradıb. Bəzi insanların dini inancından istifadə edirlər. İnsanları müxtəlif şirnikləşdirmə yolu ilə ələ alırlar. Həmçinin, narkotik yolu ilə Azərbaycanda böyük problemlər yaratmaqla bərabər, həm də özünə bu vasitə ilə tərəftarlar toplayır. Bu cür insanlar hələ sonuncu deyil. Bundan sonra da bu cür şəbəkələrin üzə çıxacağına mənim şübhəm yoxdur.
“Azərbaycanın hüquq mühavizə orqanları öz peşəkarlığı ilə, Azərbaycan dövlət başçısı öz qətiyyəti və siyasəti ilə xalqmızla birgə milli dövlətçiliyimizin yanında durmaqdadır. Bununla biz İran, Ermənistan və Fransa üçbucağına qarşı qardaş Türkiyə ilə, digər müttəfiqlərimizlə hədəflərimizə çatacayıq. Buna qətiyyən şübhə yoxdur. Ona görə bu şəbəkənin bir qolunun ifşa olunması Azərbaycanın İrana qarşı ciddi mesajıdır. Molla rejimi artıq çöküb. İran rejim olaraq xalq tərəfindən tarixin qaranlıq arxivinə göndərilmək ərəfəsindədir”.
“Orada yaşayan soydaşlarımız rejimə qarşı ayaq üstədir. Azərbaycanın üçrəngli bayrağı orada qaldırılmaqdadır. Biz vəfa borcu olaraq güneyli soydaşlarımızla bərabər olmalıyıq. Onların aparmış olduğu azadlıq mübarizəsinin yanında yer almalıyıq. Mən əminəm ki, İranda gedən bu günkü hadisələr orada yaşayan bütün xalqların hüquq və azadlıqlarının və milli kimliyinin təmin edilməsində özünün həlledici mərhələsinə daxil olub. Mən düşünürəm ki, İran rejminin dağıdılmasına, milli dövlətlərin yaranmasına çox da zaman qalmayıb” – deyə deputat vurğulayıb.
Rahib İsgəndərli