Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlara ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Report-un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlər, itkin düşən hərbçilər və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhaliminin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.