İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklərin diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, – A.Musəvi tviter səhifəsində yazıb
İranlı səfirin bu cür aqressiv tviti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: “Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.
Qeyd edək ki, bu, İsrail və İran səfirlikləri arasında baş verən birinci insident deyil. Bu il fevralın 17-də İran səfirliyi səhvən İsrail səfiri Corc Dikin tvitini bəyənib. İsrailli diplomat isə İran səfirliyinə məsxərə ilə təşəkkürünü bildirib.
Məsələni ‘Qərb Xəbər’ə dəyərləndirən politoloq Qabil Hüseyinli bildirib ki, İran səfirinin cavabı həddindən artıq sərt və təhdidedicidir.
“Hər iki səfir diplomatik etiketləri gözləyərək, suveren Azərbaycanın informasiya məkanında belə söz duelində olmamalı idilər. Əvvəl İsrail səfiri öz oxuduğu kitaba istinad edərək, öz tvitter hesabında Azərbaycanın tarixinə aid normal fikirlər söylədi. Burada kriminal heç bir fikir yoxdu. Buna baxmayaraq qonşumuz İrandır və hər şeyə bir qulp qoyan ölkədir. Bu ölkənin səfirindən gələn cavab isə həddindən artıq sərt və təhdidedici məqamlarla dolu idi. Təbii ki, İsrail səfirinə cavab vermək hüququ var. Lakin, daha yumşaq və diplomatik jestlərlə cavab verə bilərdi. Amma, cavaba İranın son zamanlar İsrailə təhdidlərini qataraq, guya Təbrizin İranın qırmızı xətti olmasına işarə vurdu. Hətta, həmin adamın Təbrizin oğullarının əlində həlak olacağı kimi xoş olmayan fikirlər söylədi. Siyasi baxımdan hər iki səfirin qarşıdurması Azərbaycan dövləti üçün məqbul sayıla bilməz. Bir vətəndaş kimi düşünürəm ki, İranın bizim qarşımızda olduğunu, İsrailin isə xüsusilə də Qarabağ müharibəsində bizə verdiyi dəstəkləri unutmamalıyıq. Azərbaycanın siyasi maraqları baxımından İsrail bizə daha yaxın dövlətdir. Bu nöqteyi nəzərdən İran səfirinın təhqiredici, hətta, kriminal çıxışı sözsüz ki, qəbul edilməzdir. Azərbaycanı xarici maraqların çarpışması məkanına çevirmək olmaz”.
“Dünən Azərbaycan məkanında İsrail və İran qarşıdurmasının kiçik bir epizodunu yaşadıq” – deyə politoloq əlavə etdi.
“Azərbaycan tərəfinin mövqeyi bundan ibarət ola bilər ki, diplomatik qaydada Xarici İşlər Naziri səfirləri tək-tək çağıraraq müəyyən söhbətlər edə bilər. Yaxud, XİN mətbuat xidməti bu barədə hər hansı qısa bəyanat yaya bilər. Amma, diqqətə alınası məsələdir. İran və İsraillə bağlı siyasətin yürüdülməsinə gərəkli olacaq bir material kimi arxivin bir gözünə yerləşdirilməlidir”.
Rahib İsgəndərli
Qərb Xəbər