1993-cü il 25 may- rus qoşunlarının Azərbaycandan çıxarıldığı gündür.
Məsələ ilə bağlı “Qərb Xəbər“ə danışan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və Müsavat Partiyasının Başqanı Arif Hacılı suallarımızı cavablandırıb.
– Arif bəy, rus qoşunlarının Azərbaycandan çıxarıldığı dövrdə ölkədəki ictimai-siyasi vəziyyət necə idi?
1993-cü ilin may ayında Azərbaycanda kifayət qədər gərgin ictimai-siyasi vəziyyət mövcud idi. Çünki, həmin dövrdə Qarabağda müharibə davam edirdi. Düzdür, aprel ayının əvvəllərində atəşkəsə nail olunmuşdu. Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar beynəlxalq danışıqlar davam edirdi. Artıq 822-ci maddə ilə BMT-nin qəbul etdiyi bu qərarla erməni silahlı birləşmələri qeyri-şərtsiz olaraq iyun ayı ərzində Azərbaycan ərazisindən çıxarılmalı idi. Ancaq, sərhəd bölgəsində, xüsusuilə Qarabağda təmas xəttlərində vəziyyət gərgin olaraq qalırdı. Belə bir şəraitdə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə əlaqədar müzakirələr son həddə çatmışdı və artıq Azərbaycan hakimiyyətinin, Elçibəy hakimiyyətinin siyasi iradəsi nəticəsində rus qoşunları Azərbaycandan çıxarıldı.
– Qoşunların Azərbaycandan çıxarılmasında Elçibəyin rolunu necə qiymətləndirirsiz? Bu Bəyin şəxsi iradəsi idimi, yoxsa komanda işimi?
Rus qoşunlarının Azərbaycandan çıxarılması həmin dövrdə hakimiyyətdə olan demokratik qüvvələrin ümumi bir mövqeyi idi. Ancaq şübhəsiz ki, hakimiyyətə rəhbərlik edən, o dövrki Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin bu istiqamətdəki istəyinin mühüm rolu vardı. Məsələlərlə əlaqədar Elçibəyin o dövrki Rusiya prezidenti Boris Yeltsinlə görüşləri, telefon danışıqları olmuşdu. Bu məsələlər görüşlərdə müzakirə edilmişdi.
– Bu hadisədən sonra ölkədə hansı dəyişikliklər baş verdi?
Rus qoşunları Azərbaycandan çıxarıldıqdan sonra təəssüf ki, Azərbaycanda siyasi və hərbi gərginlik azalmadı. Bir qədər də artdı. Xüsusilə həmin dövrdə Rusiyanın müdafiə naziri olan Pavel Qraçovun buradakı əlaltıları rus qoşunlarının Azərbaycandan çıxarılması ilə barışmaq istəmirdilər. Qoşunlar Azərbaycandan çıxarkən silahlarının bir hissəsini Gəncədə olan öz əlaltılarına, həmin dövrdə hərbi müxalifəti təmsil edən Sürət Hüseynova və onun rəhbərlik etdiyi dəstələrə təhvil vermişdilər ki, bu qüvvələr qısa müddət sonra qiyam törətdilər. Qiyam yolu ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirməyə nail oldular. Bu hərbi qiyama həmin dövrdə siyasi dəstək verən Azərbaycanın o dövrki siyasi müxalifəti də faktiki olaraq qiyamın baş tutmasında mühüm rol oynadı.
– Bu günün Azərbaycanda bayram kimi qeyd edilməsi gərəkməzmi?. Gələcəkdə bununla bağlı hansısa qərarlar alına bilərmi?
Rus qoşunlarının Azərbaycandan çıxarılması tarixi bir hadisədir. Üzərindən artıq 30 il keçməsinə baxmayaraq bu hadisə tez-tez qeyd olunur. Heç vaxt yaddan çıxmır. Hesab edirəm ki, bu hadisə müsbət və tarixi hadisə kimi Azərbaycanın tarixində qalacaq. Həmin dövrdə Azərbaycan rus qoşunlarını öz ərazisindən bir çox postsovet ölkələrindən daha tez, məsələn Gürcüstan, Ukrayna kimi ölkələrdən daha tez çıxartmağa nail olmuşdu. Bu da həmin dövrdə Azərbaycan hakimiyyətinin, demokratik qüvvələrin böyük bir uğuru idi.
– Rus sülhməramlı qoşunları da hazırda Azərbaycan ərazilərində müvəqqəti fəaliyyətdədir. Sülhməramlı qüvvələrin Azərbaycandan çıxma prosesini necə proqnozlaşdırırsız?
Təəssüf ki, bu hadisələrin üzərindən uzun illər keçdikdən sonra, 2020-ci ildə yenidən rus qoşunları sülhməramlı qüvvələr adı altında Azərbaycana qaytarıldı. Bu kobud və ciddi bir səhv idi. Çünki, rus qoşunları hansı ad altında olursa olsun, əgər Azərbaycan ərazisində fəaliyyət göstərirsə bu o deməkdir ki, burada münaqişə davam edəcək. Rus sülhməramlı qüvvələri əslində Qarabağa burada olan konflikti aradan qaldırmaq, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması naminə yox, tamamilə bunun əksinə yəni sülhün qarşını almaq, münaqişənin bitməsinə maneəçilik törətmək üçün gəliblər. Bu qüvvələrin Azərbaycandan çıxarılması çox vacib məsələdir. Bu da xeyli dərəcədə Rusiya-Ukrayna müharibəsinin nəticələrindən aslı olacaq.
Təcavüzkar Rusiya ordusu nə qədər tez Ukrayna cəbhəsində məğlub olarsa, Azərbaycandakı sülhməramlıların çıxması daha tez baş tutacaq. Yəni bu 2 ildən daha tez də baş verə bilər. Ancaq biz əlimizdən gələn hərşeyi etməliyik. Azərbaycan xalqının qarşısında olan ümummilli bir vəzifə kimi bu vəzifəni qarşımıza qoyaraq rus silahlı qüvvələrinin Azərbaycandan çıxmasına nail olmalıyıq.
Rahib İsgəndərli