Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.
Mövzunu “Qərb Xəbər“ə dəyərləndirən politoloq Natiq Miri bildirdi ki, ŞƏT Asiyada bir əməkdaşlıq təşkilatıdır ki, burada da əsas iqtisadi, siyasi, mədəni məsələlər, eyni zamanda terrorla və narkotiklə mübarizə kimi məsələlər müzakirə olunur.
“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO kimi hərbi təşkilat deyil. Konkret güc mərkəzi yoxdur. NATO-da əsas və hegomon güc ABŞ-dır. Ancaq, ŞƏT Asiyada bir əməkdaşlıq təşkilatıdır ki, burada da əsas iqtisadi, siyasi, mədəni məsələlər, eyni zamanda terrorla və narkotiklə mübarizə kimi məsələləri özündə birləşdirir. Bu baxımdan ŞƏT-dən hansısa qlobal problemlərin həllini gözləmək doğru deyil. Lakin, bu o demək deyil ki, ŞƏT yerində sayır. Bu təşkilata getdikcə maraq artır”.
Natiq Miri həmçinin əlavə etdi ki, həm regional, həm də qlobal səviyyədə söz sahibinə çevrilən Türkiyə, eyni zamanda Azərbaycan bu təşkilata müşahidəçi kimi qatılmağa maraq göstərib.
“Bu görüş ərəfəsində Qırğısıtan və Tacikistan sərhədində baş verən instidentin təsadüf olduğunu düşünmürəm. Çünki, ŞƏT-in sammitinin keçirilməsi dönəmində birdən-birə sərhəddə bələ bir döyüşün zaman seçimi baxımından təsadüf sayıla bilməz” – deyə politoloq vurğulayıb.
Rahib İsgəndərli
Qərb Xəbər