“Bizə Gürcüstanın Avropa İttifaqında olması lazımdır. Avropa İttifaqında sizi heç kimin gözləmədiyini deyənlər yalan danışırlar”.
Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, Tbilisidə səfərdə olan Avropa Parlamentinin deputatı Rasa Yukneviçiene Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra bildirib.
“Bizə Gürcüstanın Avropa İttifaqında olması lazımdır. Avropa İttifaqında sizi heç kimin gözləmədiyini deyənlər yalan danışırlar. Hazırda küçələrdə zorakılıq edən rejim Avropa dəyərlərinə və Avropa İttifaqına üzvlük prosesinə uyğun gəlmir. Maskalar artıq düşüb. Hər şey Gürcüstan xalqından asılıdır. Biz Gürcüstan xalqının yanındayıq və onların sahib olduğu dəyərləri bölüşürük,” – deyə o, qeyd edib.
Avropa Parlamentinin deputatı Tobias Kremer isə deyib ki, Avropa İttifaqı demokratiya prosesinə təhlükə yaradan qüvvələrə qarşı əlində olan mexanizmlərdən istifadə edəcək.
“Sanksiyalar həmişə son və ən ekstremal tədbirdir. Biz istəyirik ki, gürcülərin səsi eşidilsin, çünki onların gələcəyinə yalnız özləri qərar verə bilərlər. Biz avropalılar bir daha vurğulayırıq ki, Avropa və azadlıq qapısı açıqdır və indi gürcülər özləri qərar verməlidirlər ki, bu qapıdan keçmək istəyirlərmi. Əgər Gürcüstanda demokratik prosesə təhlükə yaradan və gürcü xalqının öz iradəsini ifadə etməsinə mane olan qüvvələr mövcuddursa, onda biz bu barədə narazılığımızı ifadə etmək üçün digər metodlara sahibik” , – deyə Avroparlamentari vurğulayıb.
Avropa Parlamentinin deputatı Mixal Şçerbanın sözlərinə görə, Gürcüstana namizəd statusu konkret şərtlərlə verilib və bu şərtlərdən biri də azad və ədalətli seçkilərin keçirilməsidir.
“Biz buradayıq, gürcü xalqını dəstəkləmək üçün – küçələrdə mübarizə aparan və ölkələrinin Avropa gələcəyini tələb edən insanları… Gürcüstana namizəd statusu konkret şərtlərlə verilib və bu şərtlərdən biri də azad və ədalətli seçkilərin keçirilməsidir. Ancaq bu son seçkilər belə deyildi. Buna görə də, biz tələb edirik ki, bu seçkilər Avropa İttifaqında hörmət etdiyimiz standartlara uyğun olaraq yenidən keçirilsin. Bundan əlavə, biz hesab edirik ki, Gürcüstan Prezidenti hazırda ölkədə bu seçkiləri təyin etmək üçün tam legitimliyə malik olan yeganə qurumdur” , – deyə o, qeyd edib.
Məlumat üçün bildirək ki, dünən, 12 dekabr Avropa Parlamentinin 6 üzvü Tbilisiyə gəlib.