Azərbaycan Televiziyasının (AzTV) Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tənqidi sujet hazırlayıb. Sujetdə AzTV-nin çəkiliş qrupu əvvəlcə AMEA-nın binasına daxil olaraq burada olan mühitlə tanış olub. Görüntüdə bu nəhəng təhsil ocağında bir nəfər belə olsun təhsil işçisinin olmaması diqqət çəkib.
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası münasibət bildirib. AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər: “Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elm ocağıdır və iş qrafiki fərqlidir”.
O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:
“Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.
Müzakirəli mövzu ilə bağlı AMEA yeni kadrlar yayımlayıb. Təhlükəsizlik kamerasındakı görüntüləri yayımlayan AMEA AZTV-nin çəkiliş qrupunun saaat 18:30-da qapıya yaxınlaşdığını göstərir.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Natiq Miri bildirdi ki, AzTv-nin AMEA haqqında hazırladığı sujet hakimiyyətdən gələn sifarişdir:
“Azərbaycan Televiziyası (AzTV) dövlət tərəfindən maliyyələşir. Dövlət siyasətini təbliğ edir. Ancaq, Azərbaycanda başqa bir anormallıq var ki, bəzən dövlət və hakimiyyət maraqları qarışdırılır. Yəni, bəzən hakimiyyətin maraqları ilə milli maraqlar üst-üstə düşməyə bilir. Düşünürəm ki, AzTv-nin AMEA haqqında hazırladığı sujet hakimiyyətdən gələn sifarişdir. Ancaq əbəs deyil. Çünki, AMEA bütün zamanlarda Rusiyanın təsiri altında olub. Hər zaman Rusiyanın Azərbaycanda olan 5-ci kolon üzvlərinin nəzarəti və rəhbərliyi altında fəaliyyət göstərib. AMEA-nın elmin irəli getməsi ilə bağlı hər hansı bir fəaliyyətini müşahidə etmədik. Bu gün də dəyişən bir şey yoxdur. Üstəlik Ramiz Mehtiyev akademiyaya rəhbər təyin olunması gələcək inkişafın önünü kəsdi”.
Politoloqun fikrincə AMEA-nı bu səviyyədə tənqid etmək yerinə şəffaf seçki keçirdərək bir elm adamını və əxlaqlı bir azərbaycanlını akademiyaya rəhbər seçmək daha yaxşı olardı:
“Təbii ki, bu da hakimiyyətin vəzifəsidir. Əgər, elə bir şəxs rəhbər seçilərsə, bütün elm auditoriyası böyük məmnuniyyətlə bu seçimi bəyənəcək. Bununla da AMEA önü açılacaq və işlək bir mexanizmə çevriləcək. Bu cür sifarişlərlə AMEA-nı gülünc obyektinə çevirmək bu məsələni həll etmir. Sadəcə hədəfə gətirir. Lakin, buna ehtiyac yoxdur. Çünki hamı bilir ki, AMEA rus cəsus şəbəkəsinin məkanıdır”.
Natiq Miri əlavə edib ki, ictimaiyyətə AMEA-nın ləğv edilməsi ilə bağlı fikir irəli sürüblər. Elmsiz bir dövlət yalniz cəhaləti tətikləyir. Doğrudur, AMEA elm üçün heç vaxt özünü doğrultmayıb. Ancaq bu o demək deyil ki, heç bir zaman da etməməlidir. Əgər etməyibsə, buyurub yalnışınızı düzəldin ki, bundan sonra etsinlər. Bunun üçün dövlətin və elm dairələrinin nəzarətinə ehtiyac var. Normal şəxsləri başa gətirin, qondarma alimlərin önünü kəsin. İmkan verin elmli, perspektivli gənclər önə çıxsınlar. Sonra baxın, Azərbaycan elmi irəli gedir, ya getmir.
“Bütün bunları etsək, atılan toxumlar qısa müddətdə xeyir olaraq cücərib qarşımıza çıxacaq. Bunun da bütün cəmiyyətə xeyri olacaq. Məsələyə ağılla yanaşmaq lazımdır. Fikrimcə bu söylədiklərim problemin həllində çox böyük rol oynaya bilər”- deyə politoloq qeyd edib.
Rahib İsgəndərli
Qərb Xəbər