Rusiya taxıl dəhlizi üzrə gəmilərin hərəkətinin dayandırıldığını elan edib.
“Qərb Xəbər bildirir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir:
“Çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir”.
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadan taxıl axınına icazə verən sazişi dayandırmasını pisləyib və taxıl dəhlizi sazişinin dərhal icrasını tələb edib.
Bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell açıqlama verib.
O, Aİ adından verdiyi açıqlamada Qara Dəniz Taxıl Təşəbbüsü razılaşması sayəsində Ukraynadan dünya bazarlarına 9,5 milyon ton taxıl və ərzaq çatdırıldığını bildirib.
Rusiyanı ərzaq və aclıqdan silah kimi istifadə etməkdə günahlandıran Borrell, “Aİ Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmasını pisləyir və Rusiyanı qərarından dönməyə və bu təşəbbüsün həyata keçirilməsini təcili şəkildə bərpa etməyə çağırır”, – deyib.
Borrell qeyd edib ki, onlar BMT-nin Baş katibi Antonio Quterreşin taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı çağırışını dəstəkləyirlər.