Uşaqlarda piylənmə:Böyüyən təkcə uşaq olmur-problemlərdə onunla bərabər böyüyür-Elnur Nemətovun yazısı
“Uşaqdır da …Böyüyəndə Düzələr”
Diqqət etsək görərik ki, son illərdə uşaqlarda piylənmə əvvəlki dövrlərlə müqayisədə daha çox görünməyə başlayıb.
Küçədə, məktəbdə, parkda artıq çəkili uşaqlarla daha tez-tez qarşılaşırıq.
Çox təəssüf ki, bir çox ailələr bunu hələ də ciddi problem kimi qəbul etmir.
Biri bizə uşağımızın çəkisi ilə bağlı irad bildirəndə çox vaxt bu cavabı veririk: “Uşaqdır da… böyüyəndə düzələr.”
Bu cümlə ilə sanki vəziyyəti yumşaltmağa çalışırıq, problemi yoxmuş kimi göstəririk.
Düzdür, hər bir valideyn övladını sevir və onun istəyini məhdudlaşdırmaq və ya hansısa qadağa ilə xətrinə dəymək istəmir.
Amma burada məsələ təkcə sevgi və görünüş deyil axı.
Məsələ övladımızın sağlamlığıdır.
Çünki uşaqlıq dövründə yaranan artıq çəki gələcəkdə həm sağlamlıq, həm də psixoloji baxımdan ciddi problemlərə səbəb ola bilər.
Məlumdur ki, gənc yaşda olanda orqanizmin toparlanması və geri dönüşü daha asan olur.Bədən daha sürətli uyğunlaşır, dəyişikliklərə daha yaxşı cavab verir.
Amma problem illərlə davam etdikdə artıq vəziyyət çətinləşməyə başlayır.
Çünki orqanizm uzun müddət yanlış qidalanma və hərəkətsizliyə öyrəşir.
Bu gün uşaqlarımız saatlarla telefon qarşısında qalır, açıq havada az hərəkət edir, qazlı içkilər və paketlənmiş qidalarla qidalanır.
Nəticədə isə artıq çəki yavaş-yavaş həyatın bir hissəsinə çevrilir.
Bir də ki, piylənmə təkcə çəki artımı ilə bitmir.
Bu vəziyyət yüksək təzyiqə, insulin müqavimətinə, qaraciyər piylənməsinə və oynaq problemlərinə səbəb ola bilər.
Fikir versək, əvvəllər bu kimi problemlər daha çox yaşlı insanlarda görülürdü. İndi isə yaş həddi getdikcə aşağı düşür.
Məsələnin həm də psixoloji məqamları var.Artıq çəkili uşaqlar bəzən məktəbdə və ya dost mühitində lağ obyektinə çevrilirlər.
Bu isə onların özünəinamına çox ciddi təsir edir. Uşaq içinə qapanmağa başlayır və çox vaxt stressini yeməklə azaltmağa çalışır.
Bu zaman problem bir növ dairəyə çevrilir. Yəni psixoloji basqı hər tərəfdən gəlir.
Olur ki, çoxumuz vəziyyəti düzəltmək üçün uşağı qəfil ağır məşqlərə yönəldirik.
Amma burada da çox diqqətli olmaq lazımdır. Sosial şəbəkədə gördüyümüz məşqlər hər uşaq üçün uyğun deyil.
Bu məsələdə uşağın yaşı, çəkisi, bədən quruluşu və fiziki hazırlığı nəzərə alınmadan edilən ağır məşqlər faydadan çox zərər verə bilər.
Xüsusilə ağır çəkilərlə, nəzarətsiz və həddindən artıq intensiv məşqlər inkişaf etməkdə olan bədən üçün əlavə yük sayılır.
Son vaxtlar başqa təhlükəli məqam da ortaya çıxıb.
Bəzi yeniyetmələr internetdə gördükləri “tez nəticə” videolarına inanaraq müxtəlif əlavələrə və sintetik proteinlərə maraq göstərirlər.
Halbuki nəzarətsiz istifadə olunan, mənşəyi məlum olmayan keyfiyyətsiz proteinlər, yağ yandırıcılar və müxtəlif kimyəvi əlavələr orqanizmə ciddi zərər verə bilər.
Bunu bütün valideynlər bilməlidir ki, inkişaf dövründə olan bədənin əsas ehtiyacı normal qidalanma, düzgün yuxu, hərəkət və balanslı həyat tərzidir.
Bunları övladlarımıza aşılamaq üçün uşaqları qorxudaraq yox, sağlam həyat vərdişini sevdirərək etmək lazımdır.
Arıqlamalısan demək əvəzinə biz sağlam olmalıyıq desək, daha düzgün nəticə verər.
Və bunu ilk növbədə özümüz etməliyik.
Əgər evdə düzgün qidalanma, fiziki aktivlik varsa, sağlam həyat normal qəbul olunursa, uşaq da bunu həyatının bir hissəsi kimi görəcək.
Çünki uşaqlar deyilən sözdən çox, gördüklərini təkrarlayırlar.
Əgər evdə həyat tərzi dəyişməyibsə, uşaq da dəyişməyəcək.
Ona görə heç bir işimizi təxirə salmamalıyıq.
Xüsusən də söhbət sağlam olmaqdan gedirsə.
Çünki bəzi problemlərin həlli üçün qərar və ən doğru vaxt məhz bu gün olmalıdır.
Edərəm deyib yaşadığımız hər saniyə bizim əleyhimizə işləyir…
Unutmayaq:
Bu gün verilən qərar sabah bir uşağın həyatını dəyişə və bir çox xəstəliklərin qarşısını ala bilər.
Problem təkcə uşağın çəkisi deyil… bunun həll yolu var.
Əsas problem təxirə salınmış sağlamlıqdır.
Uşaqdır da… böyüyəndə düzələr))
Böyüyən təkcə uşaq olmur — problemdə onunla böyüyür





