sağlamlıq

Şəkər bizə hansı formada lazımdır?-Elnur Nemətovun yazısı..

Bu gün / 20:58 6 dəq
Elnur hoca
Bu gün / 20:58
Burada sizin reklamınız ola bilər
Arıqlamaq istəyənlər üçün şəkər bu gün ən çox müzakirə olunan mövzulardan biridir.
Az qala balacadan böyüyə kimi hara baxırıqsa, eyni cümlələri eşidirik və hər kəsin bu mövzuda bir fikri var:
Şəkərsiz yaşamaq olmaz.
Şəkəri çıxartdım, arıqladım.
Şirniyyat zərərlidir.
Şəkərsiz yaşamaq daha sağlamdır.
Sosial şəbəkələrdə, televiziya proqramlarında, hətta ailə süfrəsində belə bu mövzu tez-tez müzakirə olunur.
Maraqlısı isə budur ki, şəkər haqqında ən çox danışılan dövrdə yenə də daha çox yorğunluq, halsızlıq, iştah pozğunluğu və ciddi çəki problemləri yaşayırıq.
Həəə… deməli, məsələ heç də düşündüyümüz qədər sadə deyil.
Gələk əsas suala:
Şəkər bizə lazımdırmı?
Bu sualın cavabını verməmişdən öncə baxaq:
ümumiyyətlə şəkər nədir və hansı formada olur?
Sadə dillə desək, şəkər orqanizmin enerji mənbələrindən biridir.
Bədən onu parçalayaraq qlükozaya çevirir və hüceyrələr bundan yanacaq kimi istifadə edir.
Gəlin mövzuya bir az daha dərindən baxaq və belə bir sualla başlayaq:
İnsan mütləq şəkildə şəkər yemədən yaşaya bilərmi?
Bəli. İnsan əlavə şəkər yemədən yaşaya bilər, lakin orqanizm qlükozasız normal fəaliyyət göstərə bilməz.
Beyin, sinir sistemi və əzələlər normal işləmək üçün müəyyən miqdarda qlükozaya ehtiyac duyur.
Maraqlısı isə budur ki, biz şəkər yeməsək belə, orqanizm lazım olan qlükozanı özü də istehsal edə bilir.
Yəni bədən hazır şəkər gəlməsə belə, öz işini davam etdirir.
Ehtiyac olduqda digər qidalardan da enerji istehsalına keçir.
Lakin bunun üçün orqanizmə düzgün “xammal” lazımdır:
1. keyfiyyətli zülal
2. faydalı yağlar
3. balanslı karbohidratlar
4. vitamin və minerallar
Çox vaxt isə biz şəkəri tam kəsirik, üstəlik bədəni də düzgün qidalandırmırıq.
Problem də əksər hallarda məhz bu səbəbdən yaranır.
Özümüzü halsız hiss edir, tez yorulur, əsəbi olur, diqqətimiz dağılır və düşünürük ki: “Deməli, şəkərsiz yaşamaq olmur.”
Halbuki məsələ şəkərin olmaması deyil.
Məsələ bədənin ehtiyac duyduğu şəkəri, enerjini və qidaları ala bilməməsidir.
Bilməliyik ki, orqanizmin ehtiyac duyduğu şəkərlə gündəlik həyatda həddindən artıq istifadə etdiyimiz əlavə şəkərlər eyni deyil.
Həmçinin hər şirin qida da eyni təsiri göstərmir.
Məsələn, meyvədə olan təbii şəkərlə qazlı içkidə və ya paket şirniyyatda olan əlavə şəkər arasında böyük fərq var.
Çünki təbii qidalar təkcə şəkərdən ibarət olmur. Onların tərkibində lif, vitaminlər, minerallar və antioksidantlar da olur.
Bu isə şəkərin orqanizmə daha balanslı şəkildə daxil olmasına kömək edir.
Əlavə şəkərlər isə çox vaxt sürətli enerji verir, amma eyni sürətlə də aclıq hissini geri qaytarır.
Qısa müddət sonra yenə nəsə yemək istəyirik.
Çoxumuz bunu yaşamışıq.
Şirin bir şey yeyəndən sonra qısa müddət keçməmiş yenə nəsə istəyirəm hissi yaranır.
Deməli, problem təkcə şəkər sözünün özündə deyil.
Əsas məsələ onun forması, miqdarı və həyatımızdakı yeridir.
Şəkərə bu qədər bağlılığımız bəlkə də uşaqlıqdan formalaşıb.
Gəlin bir az keçmişə qayıdaq.
Şəkərlə bağlı ən köhnə və ən sabit vərdişlərdən biri səhəri şirin çayla açmaqdır.
Bunu belə izah etmək olar : əvvəllər həyat tamamilə fərqli idi.
İnsanlar səhərdən torpaqla məşğul olur, su daşıyır, heyvanlara baxır, gün boyu ayaq üstə işləyir və axşama qədər ağır fiziki əmək içində qalırdılar.
Bədən isə bu həyatın içində davamlı enerji sərf edirdi.
Elə buna görə də süfrə sadə amma məqsədli idi:
şirin çay, yağ, pendir və təndir çörəyi…
Bu qidalar sadəcə yemək deyildi, bədəni günə hazırlayan sistem idi.
Şirin çay sürətli enerji verirdi.
Yağ uzun müddət tox saxlayırdı.
Pendir həm zülal, həm də duz balansını tamamlayırdı.
Təndir çörəyi isə günün əsas yanacaq mənbəyi idi.
O dövrdə səhər süfrəsi dad üçün yox, güc üçün qurulurdu.
Fitness zalları yox idi — amma həyatın özü bir məşq idi.
İllər keçdi, həyat dəyişdi, amma süfrə vərdişlərimiz çox dəyişmədi.
Nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatdı.
Və bu cür süfrələr artıq bizə uşaqlığın dadını, ailə istiliyini və ana süfrəsini xatırladan bir duyğuya çevrilib.
Bəlkə də şəkərə bağlılığımızın bir hissəsi də məhz bu hisslərlə bağlıdır.
Unutmayaq!
Sağlam qidalanma deyildikdə, insanın həyatından nəyisə çıxarmaq və ya qadağa qoymaq nəzərdə tutulmur.
Çünki qadağa ilə yaşayan insan bir müddət sonra yorulur.
Məqsəd arıqlamaqdırsa, doğru yol sadədir: balansı qorumaq, orqanizmin ehtiyacını düzgün anlamaq və qidalanmada ölçünü itirməməkdir.
Sonda isə məsələ belədir: orqanizmə enerji lazımdır və enerjinin əsas mənbələrindən biri qlükozadır.
Amma bu da o demək deyil ki, gedib bir tortu qarşımıza qoyub “güc yığıram” deyə hamısını yeməliyik))
Əsas prinsip isə sadədir: nə tam sərbəstlik, nə də tam qadağa.
Çünki əsas məsələ yalnız çəki deyil — həyatdan dad almağı itirmədən sağlam qalmağı bacarmaqdır.
Siz bu mövzuda nə düşünürsünüz ?
Paylaş
Burada sizin reklamınız ola bilər