Yazarlar

Ürək və Qidalanma…Metabolizm Pozulduqda Ürəkdə Nə Baş Verir?-Elnur Nemətovun yazısı..

Dünən / 23:46 7 dəq
Elnur nemətov 6
Dünən / 23:46
Burada sizin reklamınız ola bilər
  Bildiyimiz kimi, hər qidanın orqanizm üçün özünəməxsus təsir dairəsi var.
Məsələn, bəzi qidalar bədənə enerji verir, bəziləri hüceyrələrin bərpasında iştirak edir, bəziləri isə hormon balansına və sinir sisteminə təsir göstərir.
Yəni qəbul etdiyimiz hər qida yalnız mədəni doldurmur, eyni zamanda orqanizmdə müəyyən reaksiyalar başladır və bu reaksiyalar uzun müddətdə sağlamlığımızın istiqamətini müəyyən edir.
Problem isə bədənə bəzi qidalar vasitəsilə orqanizmin ehtiyacından artıq enerji verildikdə başlayır.
Çünki bir müddət sonra orqanizm, istifadə edə bilmədiyi bu artıq enerjini ehtiyat kimi yağ şəklində toplamağa başlayır. Və zaman keçdikcə bu ehtiyat artıq çəkiyə, metabolik balansın pozulmasına və ən əsası ürək-damar sisteminə əlavə yük yaranmasına səbəb olur.
İndi gələk əsas məsələyə: görəsən qidalanmamız düzgün olmayanda bu ürəyə necə təsir edir?
Bildiyimiz kimi, ürək fasiləsiz işləyən bir orqandır və istirahət vəziyyətində təxminən dəqiqədə 4.5–5 litr qan pompalayır.
Amma bu rəqəm sabit olmur, çünki ürəyin iş həcmi birbaşa orqanizmin real ehtiyacına uyğun olaraq dəyişir.
Fiziki aktivlik, stress və bədənin ümumi metabolik vəziyyəti dəyişdikdə oksigen və enerji tələbi də yüksəlir.
Bu zaman ürək daha çox qan dövranı təmin etmək üçün işini sürətləndirir və pompalanan qanın həcmi artır.
 Çəki artdıqda isə ürəyin işi bir az da ağırlaşır, çünki o artıq daha böyük bədəni qan və oksigenlə təmin etməyə məcbur qalır.
Qida qan dövranının tərkibini formalaşdırdığı üçün çox şəkərli, xüsusilə trans yağlar və ultra-emal olunmuş qidalar, zamanla damarların elastikliyini azaldır, onların içində çöküntü və daralma meyli yaradır.
Nəticədə qan axını əvvəlki kimi rahat olmur və ürək eyni miqdarda qanı dövr etdirmək üçün daha çox güc sərf etməyə başlayır.
İndi təsəvvür edək: normal damarlarda 4.5–5 litr qan pompalayan ürək, artıq çəki fonunda daralmış, tutulmuş və elastikliyini itirmiş damarlarda qan pompaladıqda hansı yük altında işləyir?
Əlbəttə ki, belə vəziyyətdə ürək həm yüksək təzyiqə, həm oksigen çatışmazlığına, həm də davamlı gərginliyə məruz qalır.
Nəticədə hipertoniya, ritm pozğunluğu, infarkt, damar tutulmaları və ürək çatışmazlığı riski əhəmiyyətli dərəcədə artır.
Ən təhlükəli məqam isə budur ki, ürək bizim ixtiyari idarə etdiyimiz bir orqan deyil.
Biz onu dayandırıb dincəldə bilmirik.
O, gecə-gündüz işləməyə məcburdur.
Məhz buna görə də düzgün qidalanma sadəcə çəki məsələsi deyil, ürəyin hər gün daşıdığı yükü azaltmaq və onu uzun illər qorumaq məsələsidir.
Yaxşı bəs hansi addımları atmaliyiq və prioritet nə olmalidi?
İlk olaraq az yemək yox – orqanizmin üzərindəki gündəlik yükü azaltmaq önə cəkilməlidir.
Burda məqsəd sadəcə çəki itirmək deyil, ürəyin, damarların və metabolik sistemin daha rahat işləməsini təmin etməkdir.
 Ən vacib addım isə şəkərli və emal olunmuş qidaların mərhələli şəkildə azaldılmasıdır.
Çünki bu qidalar həm qan şəkərində kəskin dalğalanma yaradır, həm də qısa müddət sonra yenidən aclıq hissini artırır.
İkinci vacib addım porsiya və yemək ritmidir.
Biz çox vaxt aclıqdan yox, nizamsız qidalanma olduğundan artıq yeyirik.
Uzun müddət ac qalmaq, sonra birdən çox yemək həm insulin sisteminə, həm də ürəyə əlavə yük yaradır.
 Üçüncü vacib məsələ hərəkətdir.
Biz hərəkət etdikdə qan dövranı yaxşılaşır, damar elastikliyi dəstəklənir və ürəyin işi daha səmərəli olur.
Burada məqsəd hec də ilk gündən ağır idman etmək deyil.
Sadəcə gündəlik ritmik gəzinti belə ürək üçün ciddi dəstək sayılır.
 Dördüncü prioritet məsəslə yuxu və stressin idarəsidir.
Biz az yatdıqda və davamlı stress yaşadıqda kortizol yüksəlir, iştah artır və bədən daha çox yağ toplamağa meyilli olur.
Yəni biz təkcə qidadan yox, stressdən də kökəlirik.
Çox sərt dietalar qısa müddətdə nəticə arxasıyca qacmaq bədəni stress və müdafiə rejiminə salır.
Bu isə metabolizmin yavaşlamasına, enerji sərfiyyatının azalmasına və orqanizmin yağ ehtiyatını daha çox qorumağa çalışmasına səbəb olur.
 Nəticədə biz əvvəlcə çəki itirsək də, bir müddət sonra həm gücsüzlük hiss edirik, həm də əvvəlki qidalanmaya qayıtdıqda bədənimiz itirdiyi çəkini daha sürətli şəkldə toplamağa başlayır.
Bu səbəbdən sağlam arıqlama sürətli yox, uzunmüddətli davam edə bilən balanslı dəyişikliklərlə olmalıdır.
Bunun üçün isə biz düzgün qida ardıcıllığı, orqanizmin ehtiyaclarını nəzərə alan və bədəni stressə salmadan mərhələli şəkildə nəticəyə aparan qidalanma sistemi qurmalıyıq.
Bir sözlə orqanizmi cəzalandırmaq yox, onunla əməkdaşlıq etmək lazımdır.
Çünki əsas məqsəd sadəcə çəki itirmək yox, metabolik balansı qorumaq, ürəyə düşən yükü azaltmaq və əldə olunan nəticəni uzun müddət saxlaya bilməkdir.
Sonda onu qeyd etmək lazımdır ki, ürəyi qorumaq yalnız simptomları izləmək deyil, həm də kök səbəblərə təsir etməkdir.
Qidalanma keyfiyyəti, gündəlik aktivlik, yuxu və stress balansı bir sözlə hamısı bir sistem kimi işləyir.
Bunlardan hər hansı biri pozulduqda yük təkcə bir orqana yox, bütün ürək-damar sisteminə düşür.
Ona görə ürək son nəticə orqanı kimi deyil, “ilk qorunmalı mexanizm” kimi qiymətləndirilməlidir.
Çünki onun işində yaranan hər hansı bir dəyişiklik uzun müddət kimi ciddi nəticələrə çevrilə bilər.
 Unutmayaq!
Sağlamlıq təkcə məqsəd deyil, həyat tərzidir.
Düzgün seçimlər isə ürəyin yükünü azaldan, onu qoruyan ən güclü müdafiə sistemidir.
Paylaş
Burada sizin reklamınız ola bilər