Kostanyan:Azərbaycandan Avropaya gedən enerji marşrutlarına əsas keçid nöqtəsi olmaq istəyirik
“Ermənistan ABŞ-dakı tərəfdaşlarla birlikdə multimodal (dəmir yolu, avtomobil yolları və enerji xətləri kimi müxtəlif nəqliyyat və ötürmə sistemlərini birləşdirən) bağlantı layihələrinə töhfə verəcək”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” mövzusundakı panel sessiyada deyib.
O bildirib ki, bu çərçivədə həm dəmir yolları, həm avtomobil yolları, həm də enerji marşrutları və boru kəmərləri üzrə əməkdaşlıq planlaşdırılır və digər tərəflər də bu prosesə dəstək verəcək:
“Bu görüşdə üç əsas layihədən bəhs olunur. Bu layihələr iştirakçı ölkələrin öz maraqlarına da xidmət edir. Xüsusilə enerji təchizatının şaxələndirilməsi vacib sayılır və Ermənistanın enerji sahəsində tranzit mərkəzə çevrilmək istədiyi qeyd edilir. Məqsəd Mərkəzi Asiya və Azərbaycandan Avropaya gedən enerji marşrutlarında əsas keçid nöqtələrindən biri olmaqdır”.
Dənizaltı enerji layihəsinə toxunan V.Kostanyan qeyd edib ki, Ermənistan Cənubi Qafqazda yaşıl enerji istehsalında aparıcı ölkələrdən biridir: “Bununla yanaşı, Azərbaycan və Gürcüstan da bərpa olunan enerji, xüsusilə günəş enerjisi sahəsində böyük investisiyalar yatırır və yeni nüvə enerji layihələri üzərində işləyir”.
XİN rəhbərinin müavini eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb: “Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və inteqrasiya baxımından önəmlidir. Ermənistanın Avropaya inteqrasiya olmaq istəyindədir və bu istiqamətdə addımlar atır. Gürcüstanın da oxşar Avropa vizyonuna malik olduğu və bu baxışın dəstəkləndiyi bildirilir”.





