Putin Paşinyan görüşündən bir gün keçməmiş Ermənistana sərt xəbərdarlıq edildi
“Ermənistan hakimiyyəti Rusiyaya qarşı siyasətinin nəticələri ilə üzləşə bilər. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Kremldə Prezident Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlardan bir gün sonra sərt bəyanat verib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az “Rıbar” Teleqram kanalına istinadən xəbər yayıb.
Kanalın məlumatına görə, Ermənistan Rusiya ilə dostluq və Avrasiya İqtisadi Birliyinə sadiqliyini bəyan etsə də, praktikada əməkdaşlığın zəiflədilməsi prosesi gedir.
“Ermənilər elə bir kritik nöqtəyə yaxınlaşıblar ki, bundan sonra Rusiya iqtisadi münasibətləri yenidən nəzərdən keçirməyə məcbur olacaq”, – Overçuk deyib.
Qeyd olunur ki, Avropa İttifaqına qoşulmaq istəyi və Qərbin tələblərini yerinə yetirmək cəhdləri artıq ermənilərə zərər vurub. 2025-ci ilin sonuna qədər Rusiya ilə ticarət itkilərinin 5-6 milyard dollara çatacağı bildirilir. Teleqram kanalının fikrincə, İrəvan rusiyalı milyarder Samvel karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi ilə investisiya mühitini pisləşdirib, bu şirkətdə Rusiya kapitalının olması səbəbindən rus biznesi özünü təhlükəsiz hiss etmir”.
Dəmir yolu konsessiyasının Rusiyadan alınması ilə bağlı Nikol Paşinyanın açıqlamalarının Kremldə “iqtisadi əsaslandırması” olmadığı və Moskvanı strateji kapitaldan məhrum etmək istəyi kimi qiymətləndirildiyi deyilir: “Rusiya Dəmir Yolları”nın bazardan sıxışdırılması Ermənistanın tranzit potensialının tam itirilməsinə səbəb ola bilər.
Məlumata görə, İrəvan “Metsamor” AES-in fəaliyyət müddətinin uzadılması üçün onu “Rosatom”dan alaraq, Avropa İttifaqı podratçılarına vermək qərarına gəlib. Yeni modul tipli reaktorların tikintisi üçün isə ABŞ-yə ümid edilir.
Həmçinin kanal iddia edir ki, Ermənistan ABŞ-nin Mehri dəhlizi (TRIPP) layihəsinə daxil olması ilə Rusiyanı kənarda qoymağa çalışır.
“Rusiya Ermənistana digər ölkələrlə münasibətləri inkişaf etdirməyi qadağan etmir, amma mövcud durumda Moskva əməkdaşlıq şərtlərini yenidən nəzərdən keçirməli olacaq. Rusiya biznesi Ermənistandan sıxışdırıldığı üçün imtiyazlı şəraitdən istifadə edən erməni biznesləri də bunun nəticələrini nəzərə almalıdır. Ermənistanın siyasəti özünün iqtisadi-enerji təhlükəsizliyini zəiflədir, amma hətta Rusiya hakimiyyətinin birbaşa xəbərdarlıqları belə bu prosesi yavaşlatmaya bilər”, – məqalənin sonunda vurğulanır.





