Maraqlı

Nədən eyni məsafə qət edən iki insan fərqli kalori yandırır?-ELNUR NEMƏTOVUN yazısı

2 sentyabr / 22:46 4 dəq
Elnur nemətov 4
2 sentyabr / 22:46
Burada sizin reklamınız ola bilər
Axı nə artıq, nə də əskik heç nə etməmişəm, niyə o məndən daha çox kalori yandırır?! Bu sual çoxlarını düşündürür. Hətta idman və hərəkət mövzularında ən çox rast gəlinən suallardan biri məhz budur:
“Mən dostumla eyni məsafəni gedirəm, amma onun yandırdığı kalori mənimkindən fərqlidir. Niyə?”
Bu, ölçü cihazının qeyri-dəqiq işləməsidir, yoxsa fərq təsadüfi deyil? Gəlin bu prosesin əsas səbəblərini sadlayaq..
Kalori yandırmanın rəqəmlərə təsir edən bir sıra amilləri var. Məsələn:
1. Bədən çəkisi
Hər addımda bədən öz çəkisini daşıyır. Ağır bədən daha çox enerji sərf edir, yüngül bədən isə daha az.
2. Sürət və yürüş intensivliyi
Eyni məsafədə fərqli sürət – bu fərqi yaradan əsas faktorlardan biridir.
3. Yaş
Yaş artdıqca bazal metabolik sürət azalır. Bu o deməkdir ki, bədən istirahətdə daha az kalori yandırır və fiziki fəaliyyət zamanı da sərfiyyat nisbətən azalır.
4. Cinsiyyət fərqi
Ümumiyyətlə, kişilər qadınlardan daha çox kalori yandırır. Bunun səbəbi: əzələ kütləsinin daha yüksək olması və bir sıra bədən göstəriciləridir.
5. Yürüş texnikası və bədən mexanikası
Hər kəsin addım forması və bədən hərəkəti fərqlidir: uzun addım atan, qollarını aktiv hərəkət etdirən biri daha çox enerji sərf edə bilər.
6. Fiziki hazırlıq və adaptasiya
İdmanla müntəzəm məşğul olan bədən zamanla daha səmərəli olur. Təcrübəli idmançılar daha az kalori sərf edir (bədən adaptasiya olunub). Yəni, eyni işi daha az enerji sərf edərək görə bilir. Bu, orqanizmin bir növ enerji qənaəti mexanizmidir. Yeni başlayanlar isə yüklənməyə hazır olmadıqları üçün daha çox kalori yandırır.
7. İqlim, torpaq və şərait
İsti hava bədən temperaturunun tənzimlənməsinə daha çox enerji sərf etdirir. Soyuq hava isitmə funksiyasını işə salır, enerji sərfini artırır. Nahamvar, enişli-yoxuşlu yollarda daha çox əzələ qrupu işə düşür, kalori sərfi artır.
8. İş və ya istirahət
Günün fiziki vəziyyəti (yorğunluq, yuxusuzluq, stress), hormonların fəaliyyəti, su balansı kalori sərfinə təsir edə bilər.
9. Geyim
Ayaqqabı seçimi belə (ağır və ya yüngül) bu fərqə təsir edə bilər.
10. Nitq (danışmaq)
Biri daim danışır və ya musiqi zümzümə edə-edə gedir, digəri isə lal-dinməz sakit şəkildə yanında addımlayır.
Deməli: Eyni məsafədə fərqli kalori sərfiyyatı tamamilə normaldır. Bunu yalnız bir faktor yox, bir neçə amil birlikdə müəyyən edir: çəki, sürət, yaş, cinsiyyət, bədən tərkibi, fiziki hazırlıq və gündəlik fizioloji vəziyyət və s.
Tövsiyə:
Tək, dostunuzla və ya yoldaşınızla yürüş etməyiniz fərq etmir – cihazda yazılan kalori rəqəmi sizi ruhdan salmasın. Əsas olan davamlılıqdır: az və ya çox fərq etməz, nə qədər hərəkətdəsinizsə, bir o qədər sağlamsınız.
Hörmətlə: AAKİB sədr müavini və texniki direktor Elnur Nematov 
Paylaş
Burada sizin reklamınız ola bilər