Niyə Bədənimiz Su İçə-İçə Susuz Qalır?-ELNUR NEMƏTOVUN yazısı
Bədən analizatorunda su faizinin aşağı çıxması, bioloji yaşın yüksək görünməsi çoxumuza tanışdır.
Bu zaman təəccüblə deyirik: “Axı mən gün ərzində çox su içirəm!” — bəs niyə orqanizm hələ də susuz görünür?
Axı mənim yaşım 40-dır, niyə 55 göstərir? Gəlin baxaq, niyə belədir.
Bunun səbəbi sadəcə qəbul etdiyimiz suyun miqdarında deyil, suyun bədən tərəfindən necə istifadə olunmasındadır.
Suyun bədəndə saxlanmamasının əsas səbəblərindən biri minerallar balansının pozulmasıdır.
Yəni suyun hüceyrələrə keçməsi üçün təkcə su içmək kifayət deyil.
Bədənimizdə natrium, kalium və maqnezium kimi minerallar mövcuddur və bunlar “suyu aparan açar” rolunu oynayır. Əgər balans pozulubsa, su hüceyrəyə yox, toxumalararası mayedə qalır – nəticədə şişkinlik, ödem ola bilər, hüceyrə səviyyəsində isə susuzluq davam edir.
Digər səbəb xroniki susuz qalmadır.
Yəni uzun müddət kifayət qədər su qəbul etməyən insanın orqanizmi buna öyrəşir və gələn suyu saxlamadan tez xaric etməyə başlayır. Bu, orqanizmin qorunma mexanizmidir, nəticədə su balansı pozulur.
Daha bir səbəb isə zülal çatışmazlığıdır.
Elə zülallar var ki (məsələn, albümin) damar içi mayeni saxlamağa kömək edir. Onlar azaldıqda su hüceyrələrdən qaçır və ödemlər yarada bilir, hüceyrə isə özü susuz qalır.
Hormonal və maddələr mübadiləsi problemləri də suyun bədəndə qalmamasına səbəb ola bilir.
Yəni insulin balansı pozulduqda suyun idarə olunması da dəyişir.
Və eləcə də sürətli sidikqovucu təsirli vərdişlər bu səbəblərdən biridir.
Tez-tez qəhvə, enerji içkisi, çoxlu çay və ya spirt qəbulu bədənə daxil olan suyun tez itirilməsinə səbəb olur.
Sual oluna bilər: bəs suyun bioloji yaşımızla nə əlaqəsi var?
Suyun bioloji yaşla əlaqəsi birbaşa hüceyrə səviyyəsindədir.
Sadə misalla izah etməyə çalışaq:
bağımız var, torpaq rütubətli və balanslıdırsa (su və minerallar yerindədirsə), bitkilər yaşıl, canlı və tez böyüyür.
Əgər torpaq quruyubsa və ya su düzgün paylanmırsa, bitkilər saralır, quruyur, böyümə dayanır.
Bədənimizdə də eyni mexanizm işləyir. Su bədəndə nə qədər çox və balanslıdırsa, hüceyrələr o qədər yaxşı qidalanır, təmizlənir və yenilənir.
Hüceyrələr kifayət qədər su almadıqda onların fəaliyyəti yavaşlayır, bərpa prosesi zəifləyir, toksinlər yığılır. Bu isə dərinin elastikliyinin azalması, maddələr mübadiləsinin zəifləməsi, daxili orqanların işinin yavaşlaması deməkdir.
Bu səbəbdən analizator bioloji yaşı real yaşdan yüksək göstərir, çünki orqanizm daha çox “köhnəlmiş və yorulmuş” vəziyyətdə görünür.
Tövsiyə:
Bacardığımız qədər, bədəndə suyun itirilməsinə səbəb olan amillərdən uzaq durmaq lazımdır.
Hər yaşda özümüzü cavan hiss etmək istəyiriksə, su balansımızı qorumaqla yanaşı təbii qidalara üstünlük verməliyik. Bizə lazım olan bütün minerallar qidalarda mövcuddur.
Onlardan özümüzə zülm etmədən, ac qalmadan, xüsusi ardıcıllıqla və balanslı şəkildə faydalanmaq kifayətdir.




